Son günlər sosial şəbəkələrdə arıqlama ilə bağlı müxtəlif məlumatlar, müxtəlif “möcüzəvi” pəhrizlər və sürətli kilovermə üsulları gündəmə gəlir. Bir çox hallarda bu mövzuda tibbi savadı olmayan şəxslər insanlara təhlükəli metodlar təklif edir, hətta arıqladıcı çaylar, dərmanlar və kokteyllər vasitəsilə qısa müddətdə yüksək nəticələr vəd edirlər. Təəssüf ki, belə yanlış yanaşmalar bəzən insanların sağlamlığını ciddi təhlükə altına atır və fəsadlar qaçılmaz olur.
Məlumatlara görə, hazırda “Universal" hospitalın rəhbəri, tanınmış oftalmoloq Aytən Sultanova da sağlamlıq problemləri səbəbindən həmin tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu, həmçinin son zamanlar təxminən 60 kiloqram arıqladığı bildirilir. Bu hadisə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə də sosial şəbəkələrdə bəzi dietoloqların bir aya 20 kiloqram arıqlamağı vəd etməsi suallar doğurur: görəsən, bu nə dərəcədə realdır? Ümumiyyətlə, sağlam və düzgün arıqlama prosesi necə olmalıdır, bir aya insan orqanizmi üçün təhlükəsiz hesab edilən maksimum çəki itkisi nə qədərdir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən diyetoloq Ləman Süleymanova bildirib ki, sosial şəbəkələrdə tibbi savadı olmayanlar özlərinə diyetoloq hesabı açır.
Mütəxəssisin sözlərinə görə, onlar müxtəlif insanlara özlərindən uydurduqları, heç bir tibbi əsası olmayan, yalançı və eyni pəhrizləri tətbiq edirlər:
“Hətta marafolar təşkil olunur, 5-10 manat qiymət qoyurlar, insanlar da buna aldanır. Arıqladıcı, zəhərli dərmanlar, çaylar və kokteyllər insanlara məsləhət görülür. Bəzi dərmanların heç lisenziyası belə yoxdur. Bunlar xaricdən gətirilir, bir çox hallarda fitness məşqçiləri bunları təklif edir. Müxtəlif saytlar reytinq toplamaq üçün özlərindən uydurulmuş pəhriz proqramları paylaşırlar. Bunların hamısı insan orqanizmi üçün fəlakətdir”.
Mütəxəssis arıqlamaq üçün liposaksiya əməliyyatı edənlərə də diqqət çəkib:
“Arıqlamaq məqsədilə müəyyən əməliyyatlar belə edilir. Liposaksiya əməliyyatında protokola görə, 800 qramdan artıq piy çəkilə bilməz. İnsanların ölümlə üz-üzə qalmasının səbəbi normadan artıq piyin çəkilməsidir. Bu isə protokola ziddir. Sonda isə orqanizm dözmür. Ümumiyyətlə, statistik göstəricilərə nəzər yetirsək, ölüm riski ancaq arıqladıcı çaylar, dərmanlar, xüsusən də əməliyyatlar nəticəsində olur. Bir tanınmış xanım var, adını çəkməyəcəm, o qədər yalançı pəhrizlər edir, arıqladıcı preparatlar qəbul edirdi ki, bütün orqanları sıradan çıxmışdı. O, bütün gün arıqladıcı dərman içib ac qalırdı. Beləliklə də, dünyasını dəyişdi”.
L.Süleymanova qeyd edib ki, həkimlər də bəzən düzgün istiqamət vermirlər:
“Bir də görürsüz ki, pasiyent endokrinoloqa müraciət edir, həkim ona çox təhlükəli, qaraciyərə ciddi ziyan vuran arıqlama iynəsi yazır. Bu, düzgün deyil. Mədəaltı vəzi, insulin normada olsa belə, insulin salmaq üçün dərman yazırlar, yalandan deyirlər ki, arıqlamaq üçün kömək edir. Bunlar insanın bütün orqanlarını sıradan çıxarır. Azərbaycan millətində dərmana meyillilik var, elə istəyirlər ki, dərman qəbul etsinlər”.
Dietoloq 1 aya 20 kilo arıqlamağın mümkün olmadığını vurğulayıb:
“Pasiyent ciddi şəkildə müayinə olunduqdan sonra ona fərdi proqram təyin olunur. Elə pasiyent var ki, 1 aya 5 kiloqram arıqlayır. Eləsi olur ki, mütləq qısa müddətdə arıqlamalıdır, məsələn boyu 1.60 sm, çəkisi 130 kq-dırsa, onlar 1 ay ərzində maksimum 10 kilo çəki ata bilirlər. Lakin boyu 1.60 sm, çəkisi 68 kq olan birinin aya 10 kq çəki atması düzgün deyil”.
Firuzə Əliyeva
Sfera.az