Şəkərli diabet gəncləşir - Bu qidalar xəstəliyin əsas mənbəyidir

Son illərdə şəkərli diabet yalnız yaşlı insanlar arasında deyil, gənc nəsildə də sürətlə yayılmaqdadır. Artıq 8-9 yaşlı uşaqlarda belə bu xəstəliyin əlamətləri müşahidə olunur.
Bəs bu xəstəliyin gəncləşməsinin səbəbi nədir?
Sfera.az-a açıqlama verən dietoloq Şəfa Yadigarovanın sözlərinə görə, xəstəliyin gəncləşməsinin əsas səbəbi qida və həyat tərzindəki dəyişikliklərlə bağlıdır:
“Hazırda ikinci tip şəkərli diabet gənclər arasında həddindən çox artıb. Bunun başlıca səbəbi “fast food”, şirniyyat və qazlı içkilərin mütəmadi şəkildə və nəzarətsiz istifadəsidir. İnsanlar artıq bu qidaları düşünəndə belə sevinc hissi oyanır. Çünki tərkibindək maddələr insanlarda vərdiş, asılılıq yaradır. Əksər gənclər sağlam qidalar – tərəvəz və təbii yeməklər əvəzinə dadverici maddələrlə zəngin olan hazır qidalara üstünlük verirlər. Bu da zamanla orqanizmdə asılılıq yaradır”.
Dietoloq vurğulayıb ki, qeyri-sağlam qidalanma mədəaltı vəzə, qaraciyər və bağırsaqlara ciddi zərər vurur:
"“Fast food" və qazlı içkilərin həddindən artıq qəbulu mədəaltı vəzi gərgin iş rejiminə salır. Nəticədə insulin səviyyəsi tez-tez qalxıb düşür və orqan öz funksiyasını itirir. Bununla yanaşı, qaraciyər və bağırsaq mikroflorası da zədələnir. Çünki insan orqanizmdə qanın təmizləyici funksiyasını yerinə yetirən əsas orqanlardan biri də məhz qaraciyərdir”.
Bəs bu xəstəliyin ən çox yayılan növü hansıdır?

Mütəxəssisin sözlərinə əsasən, xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir:
"Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinəni “Tip 2” diabetdir. “Tip 2” diabet zamanı mədəaltı vəzidə yetərincə insulin ifraz oldunduğu halda, hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Normalda 35-40 yaşdan sonra yaranan bu xəstəlik, günümüzdə azyaşlı uşaqlarda belə müşahidə olunur. Bu zaman şəkər (qlükoza), insulin tərəfindən hüceyrələrə daşına bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itgisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.
Qan şəkərinin uzun müddət miqdarının çox olması, ürək-damar sistemi, böyrəklər və gözlər başda olmaqla orqanizmdə bir çox qalıcı patologiyaların yaranmasına səbəb olur”.
Ş.Yadigarovanın sözlərinə görə, piylənmə və ürək problemləri də gənclərdə diabetin yayılmasını sürətləndirir. O xüsusilə valideynlərə müraciət edərək, övladların qidalanmasına diqqət etməyə çağırıb:
“Hər şey ailədən və mətbəxdən başlayır. Əgər valideynlər sağlam qidalanmaya üstünlük versə, bu, uşaqlara da aşılanar. Beləliklə, düzgün qida mədəniyyəti formalaşar və gələcək nəsil bu xəstəlikdən qorunar”.
Bəsti Rəfizadə
Sfera.az






