Tənha insanlar - Onlar daha çox bu ölkələrdədir

Müasir dövrdə getdikcə artan tənhalıq problemi artıq qlobal sağlamlıq böhranı kimi dəyərləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı “kritik qlobal sağlamlıq problemi” adlandırır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "Emory" Universitetinin 29 ölkəni əhatə edən araşdırması dünyanın ən tənha ölkələrini müəyyənləşdirib.
Siyahının ilk pilləsində Yunanıstan qərarlaşıb. Mütəxəssislərə görə, bu ölkədəki iqtisadi böhran və yüksək işsizlik tənhalığı artıran əsas səbəblərdəndir.
Daha sonra Kipr və Slovakiya gəlir. Araşdırmada İtaliya, ABŞ, İsrail, Çexiya, Rumıniya, Bolqarıstan və Latviya da ilk onluqda yer alıb.
Alimlər bildirirlər ki, tənhalığın artmasının əsas səbəbləri urbanizasiya, fərdiləşmə, iqtisadi sıxıntılar və sosial media asılılığıdır. Böyük şəhərlərə köç və ənənəvi ailə bağlarının zəifləməsi insanların sosial təcridini artırır. Sosial şəbəkələr isə real ünsiyyətin yerini tuta bilmir, əksinə tənhalıq və dəyərsizlik hissini gücləndirir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tənhalıq yalnız şəxsi bir hiss deyil, həm də iqtisadi və sosial problemlərin nəticəsi kimi cəmiyyətlərdə rifah səviyyəsinin enməsinə və emosional gərginliyin artmasına səbəb ola bilər.
Bəsti Rəfizadə
Sfera.az






