Bu xəstəlik qadınların insult riskini artırır

Zahirən sağlam görünən insanların da ürək tutması və insult keçirməsi mümkündür. Yeni araşdırma göstərib ki, insult və ürək tutması hallarının təxminən yarısı siqaret çəkməyən, yüksək təzyiqi və xolesterolu olmayan, eləcə də diabet xəstəsi olmayan şəxslərdə qeydə alınır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu faktorları “standart dəyişdirilə bilən risk faktorları” adlandırır. Lakin “Mass General Brigham” tədqiqatçıları bildirir ki, mövcud metodlar sağlam görünən, lakin risk altında olan qadınları müəyyən edə bilmir.
Qadın Sağlamlığı Araşdırmasının nəticələrinə əsasən, 30 il ərzində izlənilən 12 min 530 qadında aparılan təcrübələr “hsCRP” adlı iltihab biomarkerini üzə çıxarıb. Məlum olub ki, standart risk faktorları olmayan, lakin yüksək “hsCRP” səviyyəsinə malik qadınlarda koronar ürək xəstəliyi riski ömür boyu 77%, insult riski 39%, hər hansı böyük ürək-damar hadisəsi keçirmə riski isə 52% artır.
Digər bir təcrübə isə göstərib ki, iltihabı olan, lakin standart risk faktorları müşahidə olunmayan qadınlarda statin müalicəsi ürək tutması və insult riskini 38% azaldır. Alimlərə görə, müalicəyə 40 yaşlarında başlamaq daha təsirli nəticə verir.
Tədqiqatçılardan Dr. Paul Ridkerin sözlərinə görə, iltihab problemi yaşayan şəxslər həyat tərzində dəyişiklik etməklə yanaşı, statin müalicəsindən də yararlanmalıdırlar:
“Ürək tutması və insult keçirən, lakin standart risk faktorları olmayan qadınlar mövcud risk düsturları ilə aşkarlana bilmir. Əldə etdiklərimiz göstərir ki, belə qadınlar ömür boyu mühüm risk altındadırlar. Onları 40 yaşlarında müəyyənləşdirmək vacibdir, 70 yaşında çox gec ola bilər”.
Qeyd edək ki, insult dünya üzrə ölüm və əlillik səbəbləri arasında ön sıralarda dayanır. Böyük Britaniyada hər il 100 mindən çox insan insult keçirir, onların 38 mini həyatını itirir. ABŞ-də isə bu göstərici 795 mindən çoxdur, onlardan 137 mini ölür.
Mütəxəssislər hesab edir ki, ürək-damar xəstəliklərinin qarşısını almaq üçün yalnız klassik risk faktorlarına deyil, həm də iltihab səviyyələrinə diqqət yetirmək vacibdir.
Bəsti Rəfizadə
Sfera.az






