Cinsi yolla yayılan bəla: Sifilisdən necə qorunmalı?

Bu il yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 816 nəfər olub.
Sfera.az xatırladır ki, bu barədə Dövlət Statistika Komitəsi DSK) məlumat verib. Bildirilib ki, sifilis xəstəliyi aşkarlananların 492 nəfəri kişi, 324 nəfəri isə qadındır.
Sözügedən statistik göstəricilərdə 0-17 yaş qrupu üzrə 24 nəfərin bu xəstəliyə tutulduğu bildirilib. 792 nəfər isə 18 və daha yuxarı yaş həddində olanlardır.
Xəstəliyin əsas göstəriciləri nələrdir və sifilisin qarşısı almaq üçün nə etmək lazımdır?
Sfera.az-a bu barədə açıqlama verən infeksionist Etibar Süleymanov sifilisin treponema pallidum adlı bakteriya tərəfindən törədilən və əsasən cinsi yolla yayılan zöhrəvi xəstəlik olduğunu bildirib.
Onun sözlərinə görə, xəstəlik bir neçə mərhələdən keçir:
“İlkin dövrdə cinsiyyət orqanında sərt yara və hərarət müşahidə olunur. Bir müddət sonra bu yara sağalsa da, xəstəlik gizli fazaya keçərək orqanizmdə qalır. Sonrakı mərhələlərdə saç tökülməsi, bədəndə səpgilər, yüksək hərarət, ağız və dəridə yaralar əmələ gələ bilər. Əgər müalicə aparılmasa, sifilis illərlə davam edərək üçüncü və dördüncü mərhələyə keçə bilər. Bu halda ürək-damar, sinir sistemi, qaraciyər və böyrəklərdə ciddi zədələnmələr, həmçinin sonsuzluq və psixi pozuntular yarana bilər”.
Həkim vaxtında düzgün müalicə aparılarsa, xəstəliyin tam sağalmasının mümkünlüyündən bəhs edib.
O qeyd edib ki, müalicə yalnız dəri-zöhrəvi həkimləri və infeksionistlərin nəzarəti altında aparılmalıdır:
“Xəstəliyin qarşısını almaq üçün isə təsadüfi və qorunmayan cinsi əlaqələrdən uzaq durmaq, qoruyucudan istifadə etmək, qan köçürülmələrində donor qanının mütləq yoxlanılması, eləcə də tibbi və ginekoloji alətlərin steril olmasına diqqət etmək vacibdir. Cinsi münasibətlərin sağlam və düzgün qurulması sifilis və digər zöhrəvi xəstəliklərdən qorunmağın ən əsas yoludur”.
Fidan Hacızadə
Sfera.az






