Səhraların tozu Abşeronu çirkləndirir - Maskasız gəzmək tövsiyə olunmur

Rəsmi qurumlar tərəfindən aparılan ölçmələrə görə, Abşeron yarımadasında, o cümlədən Bakıda havadakı tozun miqdarı normadan 1.5 dəfə yüksəkdir. Bu vəziyyət, yəni havada tozun miqdarının normadan artıq olması artıq xeyli müddərdir müşahidə edilir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, havadakı tozun miqdarının yüksək olmasının əsas səbəbi Xəzər dənizinin şərqindən və cənubundan, həmçinin Orta Asiya istiqamətindən ölkəyə daxil olan irimiqyaslı toz kütlələridir:
“Hazırda müşahidə olunan toz hava axınlarının təsiri ilə yaranır. Bu toz kütlələri adətən yay fəslində, isti və quru havalarda Azərbaycana daxil olur. Havanın bu cür keçməsi fonunda tozun miqdarı artır. Gəldiyi ərazilər isə əsasən səhralardır – Pars, Qızılqum və Kalqum səhraları. Orada güclü küləklərin təsiri ilə torpaq layı qalxır və hava kütlələri ilə ölkəmizin şərq hissəsinə daşınır. Bu səbəbdən Bakı və Abşeronda havanın tozla çirklənməsi daha çox hiss olunur”.

Ekoloqun sözlərinə görə, bu hadisə iqlim dəyişikliyi ilə də əlaqələndirilə bilər:
"Quraqlığın artması, yağıntının azalması və torpaq eroziyası toz kütlələrinin yaranmasını asanlaşdırır".
Bəs tozlu havanın insan orqanizminə təsiri necədir?
Həkim-infeksionist Etibar Süleymanov bildirib ki, tozlu hava xüsusilə bronxial astması, allergiyası və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəlidir:

“Bu cür havada tənəffüs yollarında iltihab, allergik reaksiyalar, boğulma, həmçinin göz və dəri qıcıqlanmaları müşahidə oluna bilər. Ona görə də əhalini yalnız maskadan istifadə etməyə deyil, həm də immun sistemlərini gücləndirməyə çağırıram. Sağlam qidalanma, vitaminlə zəngin ərzaqların qəbulu, kifayət qədər maye içmək və düzgün həyat tərzi bu dövrdə daha çox önəm daşıyır”.
Onun sözlərinə görə, tozlu günlərdə açıq havada uzun müddət qalmaq məsləhət görülmür, evdə pəncərələr bağlı saxlanmalı, zərurət olduqda isə qoruyucu vasitələrdən istifadə edilməlidir.
Bəsti Rəfizadə
Sfera.az






