Azərbaycanda autizm diaqnozlarının sayı artır - Pediatr

Azərbaycanda autizm diaqnozlarının sayı artır - Pediatr
Kateqoriya məlum deyil
T

Son illərdə cəmiyyətimizdə və dünyada autizm spektr pozuntusu (ASP) diaqnozlarının sayı artmaqdadır. Bəzi valideynlər və mütəxəssislər bunun erkən, bəzən də yanlış diaqnozlarla bağlı ola biləcəyini irəli sürürlər. 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Elşən Tağıyev hesab edir ki, autizm hazırda həm Azərbaycanda, həm də dünyada ciddi sosial-tibbi problemə çevrilib.


Onun sözlərinə görə, ASP-nin dəqiq səbəbi məlum deyil, lakin bu pozuntu çoxfaktorlu hesab olunur:


“Bir sıra faktorlar müşahidə olunur, ən əsası isə genetik faktorlardır. Autizmlə əlaqəli 100-dən çox gen mutasiyası təsvir olunub (məsələn, SHANK3, MECP2, CHD8). Ailədə autizm varsa, digər övladlarda risk 10–20 dəfə artır. Hamiləlik və doğuş faktorları nəzərə alınır. Ana bətnində infeksiyalar (rubella, CMV), erkən doğuş, aşağı doğuş çəkisi, həmçinin anada şəkərli diabet və epilepsiya risk amilləri sırasındadır. Digər nüans isə ətraf mühit faktorlarıdır. Ağır metallar, hava çirkliliyi və pestisidlərə məruz qalma autizmlə əlaqələndirilir”.


Həkim xüsusi olaraq qeyd edib ki, peyvəndlərin autizmə səbəb olduğu barədə elmi əsas yoxdur və bu, dünya elmi qurumları tərəfindən dəfələrlə təsdiqlənib.
Həkim autizmlə bağlı bəzi statistik məlumatları da açıqlayıb:

 

"Rəsmi statistikaya görə, ABŞ-də hər 36 uşaqdan biri autizm spektrindədir. Avropada bu göstərici orta hesabla hər 100 uşaqdan 1–2-də müşahidə olunur. Oğlanlarda autizmin rastgəlmə ehtimalı qızlara nisbətən 4 dəfə yüksəkdir. Azərbaycanda isə rəsmi tam statistika aparılmasa da, beynəlxalq göstəricilər nəzərə alınarsa, 0–18 yaş qrupunda hər 100 min uşaqdan təxminən 1000–2000-nin ASP diaqnozu ola biləcəyi ehtimal edilir".

 


Elşən Tağıyevin sözlərinə görə, ölkədə son illərdə valideynlərin maariflənməsi artsa da, erkən diaqnoz hələ də çox vaxt gecikmiş olur:

 

“Autizmin ən effektiv şəkildə müalicəsi deyil, idarə olunması mümkündür. Bunun üçün erkən tanı, loqoped, davranış terapevti (ABA terapiyası) və psixoloq dəstəyi vacibdir. Təəssüf ki, bu sahədə mütəxəssis sayı məhduddur”.


Mütəxəssisin qənaətinə görə, autizmin yayılması dünyada artmaqda davam edir və bu, əsasən erkən diaqnoz imkanlarının genişlənməsi ilə bağlıdır:

 

"Azərbaycanda isə məsələ daha da aktuallaşır və uşaqların dəstək sisteminə çıxış imkanlarının genişləndirilməsi mühüm zərurət olaraq qalır".


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR