Surroqat ana: Azərbaycanda bu xidmət yoxdur, amma...
Azərbaycanda övlad sahibi olmaq arzusu ilə surroqat ana xidmətinə müraciət etmək istəyən ailələr çətinliklə üzləşirlər. Çünki ölkəmizdə bu xidmət qanunla qadağandır. Nəticədə övlad həsrəti ilə yaşayan cütlüklər məcbur qalıb Gürcüstan, Ermənistan, İran kimi qonşu və ya daha uzaq ölkələrə üz tuturlar. Bu isə övlad arzusunda olanların böyük xərcə düşməsinə səbəb olur.
Bəs “surroqat ana” nədir və bu xidmət Azərbaycanda niyə yoxdur?
Mövzu ilə bağlı ginekoloq Yeganə Əliyeva Sfera.az-a açıqlamasında bildirdi ki, bu xidmət digər ölkələrdə kommersiya layihəsi olaraq həyata keçirilir. Həkim dedi ki, xarici təcrübəyə görə, sağlam, heç bir xroniki xəstəliyi olmayan, daha əvvəl sağlam övlad dünyaya gətirən qadınlar müqavilə əsasında, bütün hüquqi prosedurları keçməklə körpəni dünyaya gətirir və onu bioloji valideynlərinə təhvil verirlər.

“Həm atadan, həm də anadan bioloji material götürülür və daşıyıcı anaya klinikada, xüsusi əməliyyatla köçürülür. Bundan əvvəl isə surroqat ana həkimin təyinatı ilə hormonal preparatlar qəbul edir ki, hamiləlik orqanizm tərəfindən təbii qarşılanmış olsun. Çünki ona köçürülən biomaterial tələb olunan hazırlıq olmadan yad cisim kimi qəbul edilə bilər. Bəzən elə olur ki, cütlükdə olan qadının yumurtalıqları hamiləlik üçün yararlı olmur. O zaman surroqat ananın yumurtalıqlarından istifadə olunur. Belə olan halda daşıyıcı ana həm də bioloji ana olur. Genetik olaraq doğulacaq körpə bu anaya məxsus olur”.
Mütəxəssis bildirib ki, bu cür xidmət Azərbaycanda qanunla qadağandır:
“Ölkəmizdə surroqat ana xidməti mövcud deyil. Qanunla belə bir iş görmək qadağandır. Bu səbəbdən müraciət edənlər yalnız xaricdə proseduru həyata keçirə bilirlər”.
Xarici ölkələrdə qiymətlər necədir?
Gürcüstan – Surroqatlıq qanunidir, amma son illər əcnəbilər üçün məhdudiyyətlər müzakirə olunub. Qiymətlər təxminən 38–70 min ABŞ dolları arasında dəyişir.
Ermənistan – Hüquqi cəhətdən icazəlidir və ən çox müraciət edilən ölkələrdəndir. Qiymətlər 40–60 min ABŞ dolları civarındadır.
İran – Surroqatlıq qanunla icazəlidir və qonşu ölkələr arasında ən aşağı qiymətlər burada təklif olunur. Xidmətin dəyəri təxminən 19–30 min ABŞ dolları təşkil edir.
Rusiya – 2022-ci ildən etibarən əcnəbilər üçün qadağan edilib, yalnız rusiyalı ailələr üçün icazə verilir.
Hindistan – 2015-ci ildən əcnəbilərə belə xidmətlər göstərilmir. Hazırda yalnız yerli ailələrdə altruistik (qazancsız) surroqatlıq mümkündür.
Türkiyə – Surroqat ana xidməti qanunla qadağandır.
Azərbaycanda tətbiqi mümkündürmü?
Azərbaycanda bəzi qadınların 700–800 manat qarşılığında follikul (yumurta hüceyrəsi) donorluğu etdiyinə dair məlumatlara rast gəlinir. Sosial şəbəkələrdəki elanlardan görünür ki, belə halların sayı son vaxtlarda daha çox artıb. Sosial şəbəkələr və bəzi özəl klinikaların reklamlarında bu sahədə təkliflərin çoxalması isə həm genetik, həm hüquqi, həm də etik baxımdan ciddi narahatlıqlar doğurur. Ən önəmlisi isə budur ki, bu proses nə qanunla tənzimlənir, nə də dövlət nəzarətinə tabedir.
Tanınmış səhiyyə eksperti, professor Adil Qeybulla məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, follikul donorluğu Azərbaycanda mütləq qanunla tənzimlənməlidir:

“Bu sahədə ciddi hüquqi boşluq mövcuddur. İnsanlar maddi ehtiyac səbəbilə bu cür təkliflərə yönəlirlər, lakin nəzarətsizlik həm sui-istifadəyə, həm də gələcəkdə genetik risklərə yol aça bilər. Bu məsələ yalnız tibbi deyil, eyni zamanda etik və hüquqi xarakter daşıyır”.
Professorun fikrincə, donorluq prosesi anonim şəkildə aparılsa belə, bütün əməliyyatlar xüsusi qeydiyyata alınmalı, etnik mənsubiyyət, valideyn razılığı və şəffaflıq təmin edilməlidir:
“Əks halda gələcəkdə genetik mənsubiyyət, hüquqi valideynlik və irsi xəstəliklərlə bağlı ciddi araşdırma ehtiyacları yarana bilər. Bu səbəbdən follikul donorluğu qanunla tənzimlənməli və qeydiyyat sistemi qurulmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az






