Son illərdə, xüsusilə gənclər və yeniyetmələr arasında elektron siqaret istifadəsi sürətlə artır. İddialara görə, elektron siqaretlər adi siqaretlərlə müqayisədə orqanizmə az zərər verir, onun asılılır yaratma imkanı məhduddur.
Bəs elektron siqaret istifadəsinin artmasını müsbət hal hesab etmək olarmı?
Sfera.az-a açıqlama verən pulmonoloq Əsəd Beydullayev elektron siqaretlərlə bağlı ciddi xəbərdarlıq edib. O, bildirib ki, elektron siqaretlərin zərərsiz olduğu barədə geniş yayılan fikir tamamilə yanlışdır.
Pulmonoloq qeyd edib ki, elektron siqaretlər 2006-cı ildən satışa çıxıb və son illərdə xüsusilə xanımlar və yeniyetmələr arasında populyarlığı artıb. "Lakin tibbi araşdırmalar göstərir ki, bu məhsullar uzun müddətli istifadə üçün təhlükəlidir", - deyən Ə.Beydullayev bu siqaretlərin bəzi xəstəliklərə səbəb olduğunu da bildirdi:
"2019-cu ildən etibarən tibb dünyasında təsdiqlənmiş EVALİ (Elektron siqaret və ya vape məhsullarına bağlı ağciyər zədələnməsi) adlı xəstəlik diqqət çəkir. Bu xəstəlik elektron siqaret istifadəsi nəticəsində yaranır və əsasən ciddi simptomlarla özünü göstərir. Təngənəfəslik, yüksək hərarət, halsızlıq, ağciyər zədələnməsi olur”.
Ə.Beydullayevin sözlərinə görə, elektron siqaret istifadəçilərində yalnız 90 gündən artıq istifadə belə EVALİ riskini artırır:
"Bu, gənclər və yeniyetmələr üçün xüsusilə təhlükəlidir, çünki onların ağciyərləri hələ tam inkişaf etməyib. Siqareti buraxmaq istəyən şəxslər elektron siqaretə keçməməlidir. Məqsəd yalnız zərərin azaldılması olmamalıdır, tamamilə siqareti tərgitmək daha sağlam və təhlükəsiz variantdır. Elektron siqaret adi siqaretlərdən daha az zərərli kimi qəbul edilsə də, tibbi baxımdan bu fikrə tam razı olmaq olmaz. Onun da öz riskləri və ciddi sağlamlıq problemləri var”.
Bəsti Rəfizadə
Sfera.az