Uşaqlar üçün günəş kremi: Valideynlərin bilməli olduğu 5 məqam

Böyüklərlə yanaşı uşaqların da günəşdən qorunması üçün günəş kremlərindən istifadə edilməsi məsləhət görülür. Hazırda satışda bu məqsədlə müxtəlif növ kremlər təklif edilir.
Bəs bu kremlər uşaqların həssas dərisinə əks təsir göstərir mi? Uşaqlar hansı SPF dəyərində günəş kremi istifadə edilməlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Elşən Tağıyev uşaqların günəşdən qorunması ilə bağlı əhəmiyyətli məsləhətlərini verib.
Onun sözlərinə görə, uşaqların dərisi böyüklərə nisbətən daha incə və həssasdır, buna görə ultrabənövşəyi (UV) şüalara qarşı daha tez yanma və qızarma riski daşıyır. Elşən Tağıyev qeyd edib ki, düzgün qorunma vərdişləri uşaq yaşlarından formalaşarsa, gələcəkdə dəri xərçəngi və erkən yaşlanma riskini azaltmaq mümkündür.
O bildirib ki, uşaqlar üçün ən uyğun SPF 30-50 arasındadır:
"SPF 30 günəş şüalarının təxminən 97%-ni, SPF 50 isə təxminən 98%-ni bloklayır. 50-dən yuxarı SPF-lərin qoruyuculuğu əhəmiyyətli dərəcədə artmır, sadəcə daha qalın və bahalı olur".
Körpələrdə günəş kremi istifadəsi ilə bağlı isə pediatr bunları bildirdi:
"6 aydan kiçik uşaqlarda günəş kremi istifadəsi tövsiyə olunmur. 6 aydan yuxarı uşaqlar üçün isə xüsusi hipoallergenik və ətirsiz kremlər daha təhlükəsizdir. Kremi çölə çıxmazdan 20-30 dəqiqə əvvəl nazik və bərabər şəkildə vurmaq lazımdır. Hər 2 saatdan bir kremi yeniləmək, burun, qulaq, boyun arxası və ayaq üstü kimi tez unudulan yerlərə diqqət yetirmək vacibdir".

Mütəxəssisin sözlərinə əsasən, hava şəraitindən asılı olmayaraq günəş kremi istifadə edilməlidir:
“Buludlu havada UV şüalarının 80%-i buludlardan keçir, qar olan yerlərdə isə qar UV şüalarının 80%-ini əks etdirir. Şəhərdə də pəncərə və asfalt üzərindən günəş şüaları uşaqlara təsir edir. Ona görə uzun müddət çöldə qalan uşaqlara krem mütləqdir”.
Uşaqları günəşdən qorumağın əlavə yolları haqqında da danışan pediatr söylədi ki, günəş şüalarının güclü təsir etdiyi 1:00–16:00 saatlarında açıq havada uzun müddət qalmamaq, açıq rəngli uzunqollu paltar və papaq geyindirmək, gün eynəyi istifadə etmək və bol maye qəbulunu təmin etmək lazımdır.
Həkim qeyd etdi ki, bu tövsiyələr valideynlərə uşaqların günəşdən sağlam şəkildə qorunması üçün praktik və effektivdir.
Bəsti Rəfizadə
Sfera.az






