Sperma böhranı: Alimlər gələcək nəsillər üçün narahatdır

Son 50 ildə dünyada sağlam sperma sayı hər il orta hesabla 1 faiz azalıb. Aparılan bir araşdırma göstərib ki, azalmanın əsas səbəbi ekoloji faktorlar olub.
Sfera.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, sağlam spermaların azalmasının səbəbləri arasında köklük, oturaq həyat tərzi və əhalinin yaşlanması amilləri də var.
Amma daha güclü neqativ təsiri ekoloji faktorlar göstərib.
Nyu-Yorkdakı “Mount Sinai Icahn” Tibb Məktəbinin professoru Şanna Svan deyib ki, sperma azalması daha çox hormonları pozan toksinlərdən qaynaqlanır.
Svan və həmkarlarının apardığı araşdırmalar göstərib ki, 1973–2011-ci illər arasında Şimali Amerika, Avropa və Avstraliyada sperma sayı 60 faiz azalıb. 2023-cü ildə aparılan yenilənmiş tədqiqat isə Afrika, Asiya və Cənubi Amerikadan əldə edilən nəticələrlə vəziyyətin daha da pisləşdiyini ortaya qoyub.
Mütəxəssislərə görə, sperma azalması ilə plastik istifadəsinin sürətli artımı arasında birbaşa əlaqə var. Plastiklərdə geniş istifadə olunan ftalatlar testosteronu aşağı salır, bisfenollar isə östrogen səviyyəsini artırır.
Alimlər xəbərdarlıq edirlər ki, bu kimyəvi maddələrin təsiri xüsusilə hamiləlik dövründə inkişaf edən döl üçün çox ciddi fəsadlar yarada bilər.
Bəsti Rəfizadə
Sfera.az






