Normal doğuşdan qaçış: Qeysəriyyəyə maraq niyə artır?

Normal doğuşdan qaçış: Qeysəriyyəyə maraq niyə artır?
Kateqoriya məlum deyil
T

Azərbaycanda son illər qeysəriyyə əməliyyatı ilə doğuşların sayı təbii doğuşlardan xeyli çoxalıb. Statistikaya görə, bu artım tendensiyası davam edir. 

 

Bəs qeysəriyyə əməliyyatına maraq göstərilməsinin səbəbi nədir? 

 

Məsələ ilə bağlı Sfera.az-a açqılama verən ginekoloq Rəşad Sultanın sözlərinə görə, qeysəriyyə əməliyyatı tibbi göstəriş olduqda tətbiq edilməlidir. Onun sözlərinə görə, əks halda normal doğuş üstünlük təşkil etməlidir:


“Qeysəriyyə əməliyyatında ağırlaşmalar normal doğuşa nisbətən daha çox rast gəlinir. Həm yaxın dövr, həm də uzunmüddətli ağırlaşmalar ola bilər. Qanaxma, infeksiyalar, trombemboliya, orqan zədələnməsi kimi risklər mövcuddur. Ona görə də biz həkimlər bütün dünyada müasir tibb baxımından normal doğuşu tövsiyə edirik. Tibbi səbəb olduqda qeysəriyyə mümkündür, lakin səbəb yoxdursa təbii doğuş daha doğru seçimdir”.

 


Rəşad Sultan qeysəriyyə əməliyyatlarının Azərbaycanda artmasının əsas səbəblərini də açıqlayıb:


“Normal doğuş uzun və məşəqqətli prosesdir, həm səbr, həm də psixoloji hazırlıq tələb edir. Bizim cəmiyyətdə isə həm analar, həm də onların yaxınları çox vaxt səbirsizlik göstərirlər. Xəstə özündən çox yaxınları doğuşun tez başa çatmasını istəyir və nəticədə qeysəriyyəyə üstünlük verilir”.


Həkimin sözlərinə görə, bu problemin qarşısını almaq üçün doğum sistemində dəyişikliklərə ehtiyac var:


“Əvvəllər olduğu kimi, xəstə hansı həkimin növbəsinə düşürsə, həmin həkim doğuşu aparmalı və növbə dəyişəndə digər həkim davam etməlidir. Qardaş ölkələrdə də sistem belədir. Əgər bu tətbiq olunsa, təbii doğuşların sayı artar. Bununla yanaşı, maarifləndirmə və müəyyən cəzaların tətbiqi də vacibdir”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR