Qan verən şəxslərdə infarkt riski 40% azalır - Səhiyyə Nazirliyi

“Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur”.
Sfera.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinə müsahibəsində Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova deyib.
A.Zeynalova qeyd edib ki, donorluq qan qatılaşmasını azaldır, damar sistemində dövranı yüngülləşdirir, habelə qanın damar divarlarına göstərdiyi təzyiqi zəiflədir:
"Bu isə, öz növbəsində, hipertoniya və damar tıxanıqlığı riskini azaldır.
Elmi tədqiqatlar göstərir ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur. Bundan əlavə, orqanizmdə artıq dəmir yığıldıqda, oksidativ stres yaranır. Bu da ürək-damar sisteminə zərər verir. Qanvermə bu artıqlığın qarşısını alaraq damar sağlamlığını qoruyur. Maddələr mübadiləsinin normallaşması sayəsində piylənmə və tip 2 diabetin yaranma riski də azalır".







