Geni dəyişdirilmiş körpələr - İndi onların 6 yaşı var

2018-ci ildə Çinli alim He Jiankui insan embriyonlarının genetik quruluşunu dəyişdirərək dünyanın ilk genetik müdaxiləyə məruz qalan körpələrinin doğulduğunu elan etmişdi. Bu hadisə bütün dünyada elmi və etik baxımdan ciddi müzakirələrə səbəb olmuşdu.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, alim, “CRISPR-Cas9” texnologiyası vasitəsilə HIV virusuna qarşı immunitet yaratmaq məqsədilə “CCR5” genini deaktivləşdirmişdi.
Bu yolla dünyaya gələn ilk əkiz qız uşaqlarına Lulu və Nana təxəllüsləri verilib. He Jiankuinin sözlərinə görə, onlar sağlam şəkildə dünyaya gəliblər.
Lakin Çin hökuməti həmin uşaqlarla bağlı bütün məlumatları gizli saxlayır. Onların kimliyi, sağlamlıq vəziyyəti və harada yaşadıqları barədə heç bir rəsmi məlumat verilmir. Bəzi məlumatlara görə, uşaqlar dövlət nəzarəti altında, tibbi müşahidə şəraitində böyüyür, lakin bu da hələlik təsdiqlənməyib.
Sonradan alim üçüncü bir genetik müdaxiləli uşağın da dünyaya gəldiyini bildirsə də, onunla bağlı da heç bir informasiya açıqlanmayıb.
Hadisədən sonra etik prinsipləri pozduğu üçün He Jiankui Çin dövləti tərəfindən həbs olunub və 3 il azadlıqdan məhrum edilib. O, 2022-ci ildə azadlığa buraxılsa da, beynəlxalq elmi ictimaiyyət tərəfindən kənarlaşdırılıb və nüfuzuna ciddi zərbə dəyib.
Mütəxəssislər bu hadisəni genetik müdaxilənin insanlıq tarixindəki dönüş nöqtəsi kimi qiymətləndirirlər. “CRISPR” texnologiyası gələcəkdə genetik xəstəliklərin müalicəsində böyük potensiala malik olsa da, etik risklər, dizayn edilmiş körpələr və genetik bərabərsizlik kimi suallar açıq qalır.
Bəsti Rəfizadə
Sfera.az