"Viaqra"dan ölənlər kimlərdir?

Son illərin müşahidə və araşdırmaları onu göstərir ki, cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Söhbət təkcə xarici ölkələrdən getmir. Tibb işçiləri deyirlər ki, Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında hər il artım qeydə alınır. Bunu apteklərin satıcıları, androloq həkimlər də təsdiqləyirlər. 

Amma bu dərmanlardan istifadə bəzən ölüm halları da yarada bilir. Sfera.az xəbər verir ki, modern.az saytına daxil olan qeyri-rəsmi məlumatlarda bildirilir ki, son illər Azərbaycanda bir neçə dəfə "Viaqra" və onun tipli dərmanlardan ölüm halı baş verib. Amma bu hadisələr zaman ölüm səbəbləri gizli saxlanılıb. Ölənlərin imkanlı təbəqədən olan yaşlı kişilər olduğu vurğulanır. Qeyd olunur ki, həmin şəxslər cinsi ekstaza çatmaq üçün "Viaqra", "Kamagra", "Kanvertan", "Venegra", "Vizarsin" və bu kateqoriyadan olan digər adda preparatları dozadan artıq istifadə etmələri səbəbindən infarkt və digər hallara düşüblər ki, bu da sonda ölümə yol açıb.

Sözügedən sayt rəsmi qurumlardan bu məsləyə rəy ala bilməyib. Yəni cinsi aktivliyi artıran dərmanlardan ölüm hallarını təbii olaraq rəsmən təsdiqləyən qurum olmayıb. Amma həkimlər belə halları istisna etmirlər.

Məsələ ilə bağlı saytın suallarını tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev cavablandırıb.
 
- "Viaqra" və onun tipli dərmanlar ölümə səbəb ola bilərmi?

- Bəli. Bu dərmanları normadan artıq qəbul edən zaman həmin şəxs infarkt ola bilər. Həmçinin,  təzyiqin qalxmasından asılı olaraq, beyinə qan sıza bilər. Bu da ölümlə nəticələnə bilər.

- Bu dərmanlar hansı dozada qəbul olunmalıdır?

- Dozalar individual seçilir. Yəni dozalar həkim tərəfindən seçilməlidir. Xəstə tərəfindən yox. Xəstəni müayinə edəndən sonra həmin dozanı ona vermək lazımdır. Elə xəstə var ki, ona 20 ml qram təsir edir, eləsi də var ki, 100 ml qram. Özbaşına olaraq həmin dərmanlardan istifadə etmək qadağandır. Bu, insan həyatı üçün təhlükəlidir.

- Cinsi zəiflik yoxdursa, bu dərmanlardan istifadə oluna bilərmi?

- "Viaqra" preparatı ilk dəfə ürək dərmanı kimi kəşf olunub. Əgər cinsi zəiflik yoxdursa, ürək xəstəliklərində 25 ml qramlıqda təyin olunur. Ağciyər ürəyi və kiçik qan dövranında durğunluq olarsa, ürək xəstəliklərində təyin olunur. Ancaq cinsi fəaliyyət normaldırsa, bunların qəbul olunması məqsədə uyğun deyil.

- Bu dərmanlardan daha çox qadınlar istifadə edirlər, yoxsa kişilər?

- Daha çox kişilər istifadə edirlər. Son dövrlərdə psixoloji cinsi fəaliyyətin pozulması psixogen faktorlu cinsi məsələlərdə də özünü büruzə verir. Ona görə də bu dərmanlardan daha çox kişilər qəbul edirlər. Həmçinin, son zamanlarda erkən boşalma xeyli cavanlaşıb. Ona görə də bizə bununla bağlı 18 yaşdan 70 yaşa kimi müraciətlər olur. 
Qadınlardan da hətta bizə müraciətlər daxil olur. Onlar əsasən vagina quruluğu, orqazma çatmama hallarından şikayət edirlər. Bu dərmanlar isə qadın dərmanları deyil. Onlar üçün digər dərmanlar var.

- Belə deyirlər ki, "viaqra"dan cinsi aktivliyi zəifləyən yaşlı kişilər daha çox istifadə edirlər. Bəs gənclərdən də bu dərmanlardan istifadə edənlər varmı?

- Son dövrlər bu dərmanlardan istifadə edən gənclərin sayı artıb. Çox təəssüflər olsun ki, bu gün bir çox gənclər həkim məsləhəti olmadan apteklərdən bu dərmanlardan alıb, istifadə edirlər.  Bu da gələcəkdə çox böyük mənfi təsirlərə gətirib çıxarır.

- Söhbət hansı mənfi təsirlərdən gedir?

-İlk növbədə bu dərmanlar asılılıq yaradır. Hər bir dərmanın fiziki və psixoloji asılılığı var. Fiziki asılılıq ondan ibarətdir ki, özünün təbii seksual effektini görə bilmir. Psixoliji tərəfdən isə xəstə o dərmanı qəbul etmədikdə özgüvəni azalır. Əgər bir gənc o dərmanı 3-4 dəfədən artıq qəbul edərsə, onda qorxu hissi olacaq.

- Belə darmanların hansısa orqanlara da təsiri ola bilər?

- Bəli, ola bilər. Bu dərmanlar, elə xəstə var ki, onda təzyiqi aşağı salır, bəzən də yuxarı qaldırır. Bu da orqanlarda problemin yaranmasına gətirib çıxarır. İlk növbədə də ürəkdə. Həmçinin bütün dərmanların qaraciyərə ziyanı var. Bu dərmanlar da həmçinin  qaraciyərin sıradan çıxmasına gətirib çıxara bilər.


OXŞAR XƏBƏRLƏR