Qızdırması olan uşaqlara bunları etməyin
Sfera.az lent.az-a istinadən pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.
Bir çoxumuz qızdırmalı uşağa yanaşma mövzusunda təxmini məlumatlara sahibik. Bir az da ordan-burdan eşitdiyimiz məlumatlarla hərəkət edirik ki, bu da bəzən temperaturun daha da yüksəlməsinə səbəb olur. Temperatur zamanı necə etməli, hansı vasitələrə əl atmalı kimi məsələlər haqqında isə hər birinizə ümumi məlumatlar lazımdır.
Qışla birlikdə, xüsusilə məktəb dövründəki uşaqların çoxunda qızdırmalı xəstəliklər dövrü başlayır. Uşağın hərarəti isə, ümumiyyətlə, ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunun bilməkdir.
Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatlanması və narahat edilməməsidir.
Hərarətin normala düşməsi, hərarətə səbəb olan xəstəliyin müalicəsi mənasını vermir. Simptomatik müalicədə məqsəd bədən temperaturunu normal səviyyəsinə salmaq olmamalıdır. Böyük uşaqların özünü yaxşı hiss etdiyi, kiçik uşaqların isə rahatladığı bir bədən temperatur səviyyəsi müalicə üçün kafidir. Yəni qızdırmanın müalicəsi üçün bədən istiliyinin mütləq 36 dərəcəyə düşmüş olması lazım deyil.
Yüksək hərarət zamanı görülən ilk 5 tədbir:
- Paltarlarına diqqət edin: 38.5 dərəcə hərarəti olan uşağınızın üzərindəki çox geyimləri çıxarın.
- Maye qəbuluna diqqət edin: Bol miqdarda su və sulu qidalar qəbul etməlidir.
- Mühitin istiliyini nəzərə alın: Olduğu mühitin istiliyini 21-22 dərəcə arasında saxlamağa çalışın.
- İlıq duş aldırın: 29-32 dərəcə istilikdəki ilıq suyla duş aldırın və ya yaş bezlə kompress edin.
- Hərarət salan həblər verməyin: Qızdırmanın 39 dərəcəyə çıxması vəziyyətində həkiminizlə məsləhətləşib uşağa hərarət salan həblər verə bilərsiniz.
Yüksək hərarət zamanı edilməməsi lazım olan 5 hərəkət:
1. Üşüyən və titrəyən qızdırmalı uşağınızın üzərini örtməyin.
2. Qalın paltarlar geyindirməyin.
3. Soyuq suyla duş etdirməyin.
4. Spirt və sirkəli suyla kompress etməyin.
5. Fasiləsiz olaraq hərarət salan həblər verməyin.
Bir çox ana-ata tərəfindən edilən bu səhv addımlar qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə yol aça bilər.
3 aylıq körpələrdə hərarətə diqqət edin!
Uşaqlarda hərarət, ümumiyyətlə, 2-3 gün içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Ancaq qızdırmalı uşağın yaşı burada çox əhəmiyyətlidir. Xüsusilə 3 aylıq qızdırmalı uşağı vaxt itirmədən mütləq həkim nəzarəti altında saxlamalı, hərarətə yol açan vəziyyəti araşdırmalı və müalicəsi xəstəxana şəraitində aparılmalıdır.
Qızdırma üçün kritik müddət 3 gündür.
3 aydan böyük uşaqlarda hərarətin dərəcəsi və müddət vaxtına xəstənin ümumi vəziyyəti göz qarşısında saxlanılaraq nəzarət edilməlidir. Ümumi vəziyyəti yaxşı, qidalanması pozulmamış, hərarəti 38.5 dərəcədən az olan uşaqlar evdə 3 gün simptomatik müalicə ala bilər. Əgər hərarətin olma müddəti 3 günü keçirsə, həkim müayinəsi mütləq lazımdır.
2 yaşından kiçik uşaqlarda əhəmiyyətli olan simptomlar
Qızdırmalı uşaqlarda və xüsusilə körpələrdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi qızdırma ilə bərabər olursa, həyatı təhdid edən ciddi bakterial infeksiya ehtimalı səbəbiylə vaxt itirmədən bir həkimə müraciət edilməlidir.
Mütləq həkiminizə bildirməlisiniz:
- Hərarət 40 dərəcəyə yüksələrsə və 72 saatdan daha uzun müddət davam edirsə;
- Qızdırmayla birlikdə uşağınızda davamlı ağlama, inləmə və toxunulduğunda narahatlıq halı varsa;
- Hərarətin düşməsinə baxmayaraq narahatlığı davam edirsə;
- Davamlı mürgüləmə halı, şüur bulanıqlığı və sayıqlama kimi hallar varsa;
- Əmgəyində atma və qabarıqlıq varsa;
- Hərarətlə birlikdə dərisində bənövşəyi ləkələr əmələ gəlirsə;
- Ağızda quruluq, göz yaşının olmaması, göz kürəsində və əmgəydə çöküklük kimi maye itkisi simptomları varsa;
- Çətin və tez nəfəs alırsa, öskürək, sinə, qulaq, qarın, boğaz ağrısı, davamlı qusma, ishal, sidik çıxararkən yanma, sidik rəngində dəyişmə kimi simptomlar varsa
Uşaqlarda hərarətə gətirib çıxaran 15 səbəb:
1. İnfeksiyalar: zökəm, üst tənəffüs yolu infeksiyaları, qızılca, su çiçəyi, tonzillit, sinusit, orta qulaq iltihabı, sətəlcəm, sidik yollarının infeksiyaları, qastroenterit, meningit, ensefalit, myokardit, endokardit, perikardit, artrit, osteomyelit, sepsis kimi
2. Peyvəndlər: körpəlik dövründə reallaşdırılan xüsusilə qarışıq peyvəndlərdən sonra
3. Zədə, əzələ içi iynəsi, diş çıxarma, yanıq kimi
4. Su itkisi: İshal, qusma, yanıq və s.
5. Xəbis hadisələr:lenfoma, metastatik xəstəliklər
6. Dərmanlar: Antibiotiklər, atropin, amfetamin, amfoterisin kimi
7. Qan tranfüzyonları
8. Baş travmaları
9. Bioloji agentlər
10. İmmunoloji xəstəliklər: artrit, sistemik lupus eritomatozus
11. İltihab xəstəliklər: iltihab bağırsaq xəstəliyi
12. Endokrin xəstəliklər
13. Metabolik xəstəliklər
14. Zəhərlənmələr
15. Səbəbi bilinməyən xəstəliklər