Azərbaycanda İİV-ə yoluxanların yeni statistikası

Azərbaycanda İİV-ə yoluxanların yeni statistikası
 
2016-cı ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib. Onlardan 450-i (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir.

AzVision.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə günü ilə bağlı keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. 
Ümumilikdə 2016-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. 

İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib. 

7,3%-də yoluxma yolu müəyyən edilməyib. 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib ki, onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. 

İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Xilasedici ARV-terapiya (ART) qəbul edənlərin sayı 18,2 mln. nəfər olub ki, onların arasında uşaqlar 910 min nəfərdır. 
UNAIDS in hesabatında qeyd olunur ki, 2020-ci ilə kimi 30 mln. İİV-lə yaşayan insanı ARV terapiya ilə təmin etmək mümkün olacaq. 

İİV/QİÇS problemi Azərbaycandanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir. 

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3418 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. 

Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub. 01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR