Cinsi zəifliyi olan insanlara bu dərman TƏHLÜKƏLİDİR
Valerian ürək-damar, əsəb sistemi xəstəlikləri olanların ən əlçatan dəmanıdır. Bitki tərkibli olduğu üçün əksər insanlar bu dərmanı həkim məsləhəti olmadan istifadə edirlər. Lakin bu dərmanın bəzi şəxslərə xeyrindən çox ziyanı var.
Bəs valerianın hansı zərərləri var?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Nuranə Məhərrəmova bildirib ki, valeriandan yaşı çox olan insanların istifadə etməsi məsləhət görülmür.
“Çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult və infarkt yaranmasına gətirib çıxarır. Yüksək təzyiq xəstələri müntəzəm olaraq bu dərmanı qəbul etdikdə sinir sistemləri oyaq olur. Ağır depressiya, cinsi zəiflik, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan bu dərmanı qəbul etməməlidirlər”.
Həkim qeyd edib ki, nəzarətsiz və çox sayda valerian qəbulu zəhərlənməyə gətirib çıxarır.
“Bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, ürəkbulanma kimi simptomlar baş verə bilir. Ona görə də bu dərmanın bu qədər əlçatan olması düzgün deyil”.
Ülkər Abdurahmanlı