Gənclər arasında xəstələnmələr artır – RƏQƏMLƏR
Azərbaycanda son illərdə gənclər arasında xəstələnmə səviyyəsinin yüksəlməsi müşahidə edilir.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, gənclər arasında ilk dəfə qoyulan diaqnozla qeydə alınan xəstələrin sayı hər 10 min nəfərə 2010-cu ildə 1 219 olduğu halda, 2021-ci ildə 2 284, 2022-ci ildə 2 592 olub.
Başqa sözlə, 2010-cu ildə gənclər arasında xəstələnmə 12,2 faizdən ötən il 26 faizə qədər artıb. Gənclər arasında xəstələnmə səviyyəsinin artması əsasən bir neçə növ xəstəlikdə özünü göstərib.
Gənclər daha çox tənəffüs orqanlarının xəstəliyinə yoluxur. 2022-ci ildə hər 10 min gənc arasında 939 belə xəstəlik qeydə alınıb. Son 12 ildə tənəffüs orqanlarının xəstəliyi 2,02 dəfə artıb.
Həzm sisteminin xəstəliklərində də ciddi artım var. Ötən il hər 10 min gəncdə 235 həzm sisteminin xəstələnməsi faktı aşkarlanıb. 2010-cu illə müqayisədə bu növ xəstəliklərin xüsusi çəkisi 2,5 dəfəyə yaxın artıb.
Son illərdə sidik-cinsiyyət sisteminin xəstəliklərində də nəzərəçarpacaq artım var. Əvvəllər 10 min gəncdə 75 belə xəstəlik aşkarlanmışdısa, ötən il 178 xəstəlik aşkarlanıb. Bu növ xəstəliklərdə 2,37 dəfə artım baş verib.
Adətən yaşlı insanlarda müşahidə edilən qan dövranı sisteminin xəstəlikləri son illərdə gənclər arasında da artır. Son 12 ildə bu növ xəstəliyə tutulmaların sayında 2,24 dəfə artım olub.
Müasir dövrdə gənclər arasında çox müşahidə edilən xəstəliklərdən biri də göz xəstəlikləridir. Son 12 ildə belə hallarla bağlı xəstələnmə faktı 4,6 dəfə artaraq hər 10 min nəfərə 133-ə yüksəlib.
Qeyd edilənlərdən başqa gənclər arasında sinir sistemi üzrə xəstələnmə 3 dəfədən çox, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri üzrə xəstələnmələr 2 dəfə artıb.
Vasif