Alimlər ilkə imza atır: Narkotik asılılığı əleyhinə PEYVƏND hazırlanacaq

Alimlər ilkə imza atır: Narkotik asılılığı əleyhinə PEYVƏND hazırlanacaq

Braziliyalı alimlər narkotik asılılığını aradan qaldıracaq peyvənd hazırlayırlar.

 

Sfera.az bildirir ki, bu barədə “Euronews” məlumat yayıb. Qeyd olunub ki, heyvanlar üzərində aparılan sınaqlarda ümidverici nəticələr görülüb. “Kalikskoka” adı verilən peyvənd insanların narkotik asılılığının qarşısını almağa kömək edəcək.

 

Tədqiqatçılar həmçinin, peyvəndin siçovulların döllərini də narkotikin təsirindən qoruduğunu, bunun hamilə olan narkomanların doğmamış körpələrini qorumaq üçün istifadə oluna biləcəyini irəli sürüblər. “Kalikskoka”nın yan təsirlərinin də olduğunu bildirilib. “Peyvənd indi sınaqların son mərhələsinə daxil olmağa hazırlaşır: yəni  insanlar üzərində sınaq...

 

Həmçinin, bu peyvənd bioloji inqrediyentlərdən çox, laboratoriyada hazırlanmış kimyəvi birləşmələrlə hazırlanır. Yəni istehsal etmək bir çox peyvənddən daha ucuz başa gələcək və soyuq temperaturda saxlanmağa ehtiyac qalmayacaq”, deyə vurğulanıb.

 

Braziliyanın “Minas Gerais” universitetinin psixiatrı və layihənin koordinatoru Frederiko Qarsia söyləyib ki, sözügedən vaksin təsdiq alarsa, narkotik asılılığının peyvəndlə müalicəsi ilk dəfə reallaşacaq: “Amma bu vaksini hər kəsə vermək mümkün olmayacaq. Dəqiq hədəf qrupu klinik sınaqların nəticəsindən asılı olacaq. Lakin nəzəri olaraq, narkomanları sağaltmaq üçün nəzərdə tutulub”.

 

Məlumata görə, layihə “Eurofarma” əczaçılıq firmasının sponsorluğu ilə keçirilən tədbirlərin birində 500 min avro dəyərində mükafat qazanıb.

 

“Euronews” BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına istinadən bildirib ki, oxşar tədqiqatlar dünyanın ən çox kokain istehlakçısı olan ABŞ-də də aparılıb. ABŞ-nin Narkotiklərlə Mübarizə üzrə Milli İnstitutunun məlumatına görə, daimi narkotikdən istifadə edən hər dörd nəfərdən birində bu, asılılığa çevrilir: “Yalnız dörd narkomandan biri beş illik müalicədən sonra bundan qurtula bilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR