Mütəxəssisdən XƏBƏRDARLIQ: “Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə aparır"

Mütəxəssisdən XƏBƏRDARLIQ: “Bu xəstəlik vaxtında müalicə edilməzsə, ölümə aparır

Havaların soyuması ilə əlaqədar tez-tez meningit xəstəliyi barədə xəbərdarlıqlar edilir.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən tanınmış həkim-nevroloq Qalib Əsədov deyib ki, bu xəstəlik ilk növbədə kiçikyaşlı uşaqları və yeniyetmələri hədəfə alır:

 

“Meningitin kəskinləşməsi uşaqlarda karlığa, epilepsiyaya, zehni inkişafın dayanmasına səbəb ola bilər. Xəstəlik vaxtında müalicə edilməzsə, ölümə aparır - özü də bir neçə saat ərzində... Meningit beyin qişalarının iltihabı xəstəliyidir. Xəstəliyi əsasən müxtəlif mikroblar və viruslar törədir. İnfeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir. Xəstəliyin inkubasiya dövrü 5-7 gündür. Şiddətli başağrıları meningitin daim davam edən və ilk simptomudur. Alın-təpə nahiyəsində başağrısı ilə yanaşı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır”.

 

Mütəxəssis bildirib ki, bu simptomlarla bərabər, bəzi hallarda xəstənin ümumi əhvalı da pisləşir:

 

“Yəni kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək qızdırma baş verir. Qızdırma 1-3 gündən artıq olmur. Dəri örtükləri solğun olur. Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokallaşdığı yer müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır. Meningitin profilaktikası üçün gigiyena qaydalarına əməl etmək vacibdir - əlləri müntəzəm yumaq, şəxsi qab-qacaqdan, dəsmanlar istifadə etmək və.s. Vətəndaşlar özünü soyuqdan qorumalı, istənilən başağrısına ciddi yanaşmalıdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR