“Koronavirusa yoluxma halları artsa...” – Azərbaycan yenidən sərt karantin rejiminə keçir?
Dünyanın bir çox ölkəsində COVİD-19-un yeni ştamı olan EG.5 virusu yayılıb.
Eyni zamanda, ölkəmizdə də koronavirusa yoluxma halları artıb. Belə ki, 14.08.2023-20.08.2023 tarixlərində yoluxma sayı 27, sağalanların sayı 9, ölüm sayı isə 0 olub, sadəcə 1 həftə sonra yəni 28.08.2023-03.09.2023 tarixlərinə baxdıqda isə görürük ki, yoluxanlar 130, sağalanlar 108, ölənlərin sayı isə 2 nəfərə çatıb.
Bu statistika nədən xəbər verir? Azərbaycanda yenidən ciddi karantin rejimi tətbiq oluna biləri?
İnfeksionist Sadiqə Əliyeva Sfera.az-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma halları artsa da, sərt karantin tədbirlərinin tətbiqi gözlənilmir:
“Ümumiyyətlə, mutasiyaya uğrayıb yeni variantların yaranması virusların xüsusiyyyətidir. Lakin sonra yarananlar ilkin variant qədər təhlükəli olmur. İndi də dünyanın bir çox ölkələrində mutasiya nəticəsində COVİD-19-un yeni ştamları yaranmağa başlayıb. Bundan qabaq Omikron idi, hazırda EG.5-dir. EG.5-də də əvvəlkilər kimi öskürək, qızdırma, halsızlıq, sümük-əzələ ağrıları kimi simptomlarla müşahidə edilir”.
Ekspertin sözlərinə görə, bu yeni variant hələ ölkəmizdə qeydə alınmayıb:
“Düzdür, Azərbaycanda koronavirus və mövsümi qrip infeksiyalarına yoluxmada artım müşahidə olunur. Yoluxlamaların artmasında əsas səbəb isə həm infeksiya, həm də insanların geyimlərinə, yeyib-içdiklərinə diqqət etməyərək soyuqlamalarıdır. Koronavirusa yoluxma halları artsa da, ağır xəstələrin sayı o qədər də çox deyil. Bu səbəbdən sərt karantin rejiminə keçiləcəyi gözlənilmir”.
Firuzə Əliyeva