Elm adamlarından HƏYƏCAN TƏBİLİ: 2030-cu ilə qədər xərçəngə yoluxma artacaq

Elm adamlarından HƏYƏCAN TƏBİLİ: 2030-cu ilə qədər xərçəngə yoluxma artacaq

Son 30 ildə yaşı 50-dən aşağı olan insanlar arasında xərçəngə yoluxma halları təxminən 80% artıb.

 

Sfera.az bildirir ki, tədqiqatlara əsasən, bu rəqəmin 2030-cu ilə qədər daha 21% artacağı proqnozlaşdırılır. “BMJ Oncology”də dərc olunan araşdırmaya görə, səbəblər arasında pis qidalanma, alkoqol və tütündən istifadə, fiziki hərəkətsizlik və piylənmə yer alır.

 

Tədqiqatçılar xərçəngin 29 növünü əhatə edən 204 ölkədən məlumatları təhlil ediblər. Onlar 1990-2019-cu illər arasında dəyişiklikləri təxmin etmək üçün 14-49 yaş arası şəxslərdə ölüm, sağlamlıq nəticələri və risk faktorlarını nəzərdən keçiriblər. “2019-cu ildə yaşı 50-dən aşağı olanlar arasında yeni xərçəng diaqnozları 1990-cı ildəki rəqəmdən 79% artaraq 3,26 milyon təşkil edib. Bu illər arasında nəfəs borusu və prostat xərçəngi halları sürətlə artıb. Təxmin edilən illik faiz dəyişiklikləri müvafiq olaraq 2,28% və 2,23% təşkil edib. Erkən başlayan qaraciyər xərçəngi halları isə ildə təxminən 2,88% azalıb”.

 

Qeyd olunub ki, 2019-cu ildə yaşı 50-dən aşağı olan 1,06 milyon insan xərçəngdən dünyasını dəyişib: “Bu da 1990-cı illə müqayisədə 27% artım deməkdir. Döş xərçəngindən sonra ən çox ölüm halları nəfəs borusu, ağciyər, mədə və bağırsaq xərçəngləri ilə bağlıdır. Ölümlərdə ən kəskin artım böyrək və ya yumurtalıq xərçəngi olan insanlar arasında olub”.

 

Mütəxəssislər həmçinin, 40 yaşlarında olan insanların daha çox risk altında olduğunu bildiriblər. Onların fikrincə, xərçəngə yoluxma hallarında genetik faktorların da rolu var.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR