Azərbaycan əhalisi hər il dərmana adambaşına 100 manat xərcləyir – RƏQƏMLƏR

Azərbaycan əhalisi hər il dərmana adambaşına 100 manat xərcləyir – RƏQƏMLƏR

Azərbaycan əhalisinin dərman vasitələrinə və tibbi ləvazimatlara xərclədiyi pul son illərdə sürətlə artır. Təhlillər göstərir ki, dərman vasitələri və tibbi ləvazimatların ticarətinin genişlənməsinin əsas səbəbi məhsulların bazar dəyərinin yüksəlməsi və dərman istehlakının artmasıdır. 


Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, Azərbaycanda adıçəkilən məhsullara 2017-ci ildə 490,1 milyon manat xərcləndiyi halda, 2021-ci ildə 984,7 milyon manat, 2022-ci ildə 1,166 milyard manat xərclənib. Müqayisə edilən 5 il ərzində dərman vasitələrinə və tibbi ləvazimatlara xərclənən pul 676 milyon manat, yəni 2,38 dəfə artıb. 


Genişləndirilmiş məlumata əsasən, adıçəkilən məhsul qrupları üzrə xərclərin çox hissəsi dərmanların alınmasına sərf edilib. Dərmanlara 2017-ci ildə 432 milyon manat, 2021-ci ildə 836,5 milyon manat, 2022-ci ildə isə 1 milyard manatdan çox pul xərclənib. 


Statistik məlumatların təhlili göstərir ki, 2017-2022-ci illərdə dəman istehlakı 2,25 dəfə artıb. Bu o deməkdir ki, qiymətlər artmasa belə, istehlakın artması səbəbindən dərmanlara xərclənən pul 432 milyon manatdan 972 milyon manata yüksələcəkdi. 


Amma dərmana xərclənən pulun 1 milyard manatı ötməsi ondan xəbər verir ki, bu müddətdə dərman vasitələrinin qiyməti də yüksəlib. 


Müqayisə göstərir ki, Azərbaycan əhalisi 2017-ci ildə adambaşına 44 manat xərclədiyi halda, ötən il təxminən 100 manat xərcləyib. 


Əhalinin dərman xərclərinin sürətlə artmasından sonra cəmi pərakəndə xərclərdə payı artaraq 1 faizdən 2 faizə çatıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR