Soyuq hava özü ilə bu xəstəlikləri gətirə bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ

Soyuq hava özü ilə bu xəstəlikləri gətirə bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ

Havaların kəskin dəyişməsi mədə bağırsaq xəstəliklərinin artmasına səbəb olur. Bu dövrdə mədə xorası, öd daşı, kron xəstəliyi mədə bağırsaq xəstəlikləri arasında çox yayılır və üstünlük təşkil edir. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Kliniki Tibbi Mərkəzin həkim-terapevti Afət Zeynalova deyib ki, qrip virusunun çoxalması səbəbi ilə bağırsaq xəstəlikləri də daha kəskin şəkildə özünü göstərir:

 

“Bu xəstəliklər gəyirmə, mədə qıcqırması, ishal, bəzi vaxtlarda isə qanlı ishalın olması ilə müşahidə edilir. İlk növbədə bu simptomlu xəstələr həkimə müraciət etməli, diaqnozu dəqiqləşdirilməlidir. Qanın ümumi analizi, rentgen, ultrasəs, endoskopiya və bir neçə müayinənin nəticələrindən asılı olaraq xəstəyə müalicə yazılmalıdır”.

 

Mütəxəssis həmçinin, mədə-bağırsaq xəstəliklərinin digər bir səbəbinin də qış aylarında qidalanmanın pozulması ilə bağlı olduğunu bildirib:

 

“Qış aylarında ət və ət məhsullarının çox istifadə edilməsi, yağlı qidaların çox yeyilməsi, alkoqollu içkilərin digər aylara nisbətən çox qəbulu mədə-bağırsaq xəstəliklərin kəskinləşməsinə səbəb olur. Həmçinin payız, qış aylarında allergik xəstəliklər də özünü göstərir. Məsələn, mədə-bağırsaq, autoimmun kron xəstəlikləri daha intensiv şəkildə üzə çıxır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR