Pişiklər və itlər insanları bu xəstəlikdən qoruya bilir - YENİ ARAŞDIRMA

Pişiklər və itlər insanları bu xəstəlikdən qoruya bilir - YENİ ARAŞDIRMA

ABŞ-ın Miçiqan Universitetinin alimləri 50 yaşdan yuxarı insanlarda pişik və itlərin olmasının demensiyanın inkişaf riskini azalda biləcəyinə dair yeni araşdırma təqdim ediblər.
 

Sfera.az “ScienceAlert”ə istinadən bildirir ki, Amerikalı alimlərin yeni araşdırması pişikləri və itləri olan yaşlı insanların ev heyvanı olmayanlara nisbətən koqnitiv testlərdə daha yaxşı nəticə göstərdiyini bildirib.

Alimlər hesab edirlər ki, ev heyvanları, xüsusən yaddaşla əlaqəli, beyin funksiyalarını yaxşılaşdıra bilir. Tədqiqatçılar hesab edirlər ki, qocalmış beyin daha uzun müddət sağlam qala bilər ki, bu da demans kimi təhlükəli xəstəliyin inkişaf riskini azaldır.

 

Araşdırmaya görə, ev heyvanları 65 yaşdan yuxarı insanların beyninə daha faydalı təsir edir. Qeyd edək ki, beyinin fəaliyyətində ciddi pozğunluqlar məhz bu yaşdan başlayaraq yarana bilir.

 

Alimlər müəyyən ediblər ki, 5 ildən çox pişik və ya it sahibi olan insanların qısamüddətli və uzunmüddətli yaddaşı ev heyvanı olmayanlara nisbətən daha yaxşı olur.
 

Lakin alimlər xəbərdarlıq edir ki, araşdırma ev heyvanlarını sahiblənmək ilə demans riskinin azalması arasında birbaşa əlaqəni sübut etmir. Yəni bu, ev heyvanları ilə daimi ünsiyyətə görə prosesə təsir edə biləcək amillərdən sadəcə biri ola bilər.

Eyni zamanda, tədqiqat evdə it və pişik saxlamağın insan sağlamlığı üçün faydalı olduğunu göstərən əvvəlki məlumatları da özündə birləşdirir. Təbii ki, allergiya kimi başqa əks göstərişlər olmadıqda ev heyvanları saxlamaq tövsiyə edilir. Ev heyvanlarının insan beyninin fəaliyyətinə və sağlamlığına potensial müsbət təsirini izah edən nəzəriyyələr olsa da, hələ ki, tam sübuta yetirilməyib.

Bir nəzəriyyə odur ki, məsələn, bir itə sahib olan insan erkən qalxmağa və daha çox hərəkət etməyə məcbur olur və bu gündəlik hərəkətlər beyin sağlamlığı ilə güclü şəkildə əlaqələndirilir.

Başqa bir nəzəriyyə, ev heyvanlarının insanın bağırsaq sağlamlığını yaxşılaşdıra biləcək yeni bakteriyalar gətirdiyini göstərir. Mədə-bağırsaq sağlamlığı ilə beyin sağlamlığı arasında mühüm əlaqənin olduğu artıq elm tərəfindən sübut edilmişdir.

Alimlər həmçinin hesab edirlər ki, pişik və ya itin olması insanı daha xoşbəxt edir, bu isə stressin səviyyəsinin aşağı düşməsi deməkdir.

 

Həmçinin, insanlar xüsusilə daha yaşlı vaxtda özlərini daha az tənha hiss edə bilərlər. Məlum olduğu kimi, alimlər artıq tənhalığın beyin quruluşunu və funksiyasını dəyişə bildiyini sübut ediblər.

 

Nəzərə alsaq ki, fiziki aktivlik olmadıqda, ürək-damar xəstəlikləri, depressiya və xroniki stress olduqda demensiya riski artır, o zaman nəzəri olaraq ev heyvanları insan sağlamlığına, xüsusən də beyinə müsbət təsir göstərə bilməsi olduqca məntiqlidir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR