Pandemiyanın DAHA BİR FƏSADI: “Gənclər sürətlə qocalır”
ABŞ-da aparılan araşdırmalar koronavirusla bağlı daha bir qorxulu həqiqəti üzə çıxarıb.
Sfera.az bildirir ki, tədqiqatçılar pandemiyadan əvvəl və sonra 81 yeniyetmənin çəkilmiş MRT görüntülərini müqayisə ediblər. Nəticədə yeniyetməlik dövründə beynin incəlməsi, hipokampus və amigdalanın genişlənməsi kimi vəziyyətlərin karantindən sonrakı dövrdə daha çox müşahidə edildiyi müəyyən olub. Yəni pandemiyadan sonra gənclərin beyni daha tez qocalmağa başlayıb.
Bununla bağlı Stanford Universitetinin psixologiya üzrə professoru İan Qotlib “Karantinlərin bir ildən az olduğunu nəzərə alaraq, biz bu qədər böyük artım gözləmirdik”, deyə söyləyib.
“Global Open Science” jurnalında dərc olunan məqaləyə görə isə karantindən sonra əksər gənclərdə daha ağır psixi sağlamlıq problemləri, o cümlədən narahatlıq, depressiya və daxili problemlərin şiddətli simptomları aşkar edilib.
"Psixi sağlamlığın pisləşməsi çox güman ki, pandemiyanın stressi ilə əlaqədardır. Bu, gənclərin beyinlərində fiziki dəyişikliklərlə müşayiət olunur. Dəyişikliklərin davam edib-etmədiyini və ya azalmağa başladığını isə zamanla daha yaxşı anlayacağıq”,deyə İan Qotlib deyib.
Günay Rəsulqızı