Mütəxəssislərdən koronavirus peyvəndi vurduranlarla bağlı HƏYƏCAN TƏBİLİ
Son günlər dünyada COVID-19-a yoluxanların sayının artması narahatlıqlara səbəb olub. Səhiyyə orqanları isə pandemiyanın hələ bitmədiyi ilə bağlı xəbərdarlıq edib.
Sfera.az bildirir ki, bu barədə Vaşinqton Universitetinin Tibb Fakültəsi yeni araşdırma aparıb. Bildirilib ki, dəfələrlə virusa yoluxmuş insanlarda ağciyər xəstəliklərinə 3,5 dəfə, ürək xəstəlikləri ilə bağlı problemlərə 2, beyin zədələnməsinə isə 1,6 dəfə daha çox rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-dan ölüm hallarının arta biləcəyi xəbərdarlığından sonra araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib. Epidemioloq Ziyad Əl-Ali tədqiqatla bağlı bunları deyib:
“Koronavirusa yoluxub bunun öhdəsindən gələn, bütün peyvəndləri, o cümlədən, xatırlatma dozaları vurduran insanlar özlərini virusa qarşı yenilməz görməyə başlayıblar. Biz super-immun sistemi yarada bilmərik. Ona görə də, ehtiyatlı olmaqda fayda var”.
Digər tərəfdən son zamanlar azyaşlı uşaqlarda rast gəlinən, tənəffüs yolu ilə sürətlə keçən və böyüklərin də yoluxa bildiyi RSV (Respiratory syncytial virus) sürətlə yayılmaqdadır. Beynəlxalq təhlillərə görə, dünyada “üçlü epidemiya” deyilən - Covid-19, Qrip və RSV virusunun bu qış çox ciddi şəkildə artacağı gözlənilir.
Günay Rəsulqızı,
Sfera.az