Daha bir virus yayılmağa başlayıb: Bağırsaqları hədəf alır
COVID-19-la mübarizə aparan Şimali Koreyada yeni virusa rast gəlinib.
Sfera.az bildirir ki, bu barədə Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunub ki, ölkənin cənub-şərqindəki Haeju şəhərində yeni bir epidemiya aşkar edilib. Yeni xəstəliyinin adı və miqyası ilə bağlı dəqiq məlumat paylaşılmasa da, prezindent Kim Çen İnin ailəsinə aid ehtiyat dərmanlarını “kəskin bağırsaq xəstəliyi” diaqnozu qoyulan insanlara bağışladığı bildirilib.
Mütəxəssislər əlavə ediblər ki, Şimali Koreya dövlət mediasının “bağırsaq virusu” adlandırdığı xəstəlik - qida və su vasitəsilə, o cümlədən yoluxmuş insanların təması yolu ilə keçən tif, dizenteriya və ya vəba xəstəliklərindən biri ola bilər. Məlumata görə, sözügedən xəstəliklər artıq ölkədə geniş yayılıb.
Qeyd edək ki, Şimali Koreyada COVID-19-a yoluxanların sayı 4 milyon 532 min 240-a çatıb. Ölkədə 73 nəfər bu virusa görə dünyasını dəyişib.
Günay Rəsulqızı
Sfera.az