“İndi qarpızın və yemişin tərkibinə bu maddəni vururlar” – Ekspertdən XƏBƏRDARLIQ
Artıq bir aya yaxındır ki, market və bazar piştaxtalarında qarpız və yemiş kimi yay mövsümünə xarakterik tərəvəzlər alıcılara təqdim olunur.
Təqdim olunan qiymətlər qarpız üçün 1.50-2 AZN arası, yemiş üçün isə 3-4 AZN arasında dəyişir. Hətta bu tərəvəzləri yarım, yaxud dilimlənmiş qaydada paketləşdirib də təqdim edirlər.
Havanın tempraturunun yeni qalxdığını nəzərə alsaq, bu məhsulların təbii şəraitdə yetişdirilməsi və ziyanlılıq səviyyəsi şübhə yaradır.
Məsələ ilə bağlı Sfera.az-a danışan qida texnoloqu Ağa Salamov market və bazarda satışda olan qarpız və yemişlərin tərkibinə müəyyən maddələrin vurulduğunu deyib:
“Qarpız-yemiş də daxil olmaqla, bütün meyvələr öz mövsümündə yetişməlidir. Hazırda satışda olan qarpızlar istixanalarda yetişdirilir. Bu işlə məşğul olan adamlar bəzən qarpızın tez yetişməsi, yabanı otlardan azad olması üçün pestisidlərdən istifadə edirlər. Bu kimi kimyəvi dərmanların isə bəzən həddi aşılır. Belə olanda fermerlər düşünür ki, daha bol məhsul əldə edəcəklər. Ona görə də qarpızdan zəhərlənmə halları baş verir. Qarpız və yemişin sezonu iyulun 15-dən sonra başlayır, avqust-sentyabr aylarınadək uzanır”.
Ekspert zəhərlənmə üçün bəzən 1 kq qarpızın yetərli olduğunu ifadə edib:
“Hazırda piştaxtalarda olan qarpızlarda nitrat səviyyəsi normadan çox olduğu üçün zəhərlənmə verə bilir. Məsələn, 1 kq qarpızda 60 mq nitrat olmalıdırsa, bu, hazırda bəzi qarpızlarda 200-300 mq-a yaxın olur. Beləliklə 1 kq qarpız yeyən insanın da zəhərlənmə ehtimalı çoxalır. Ona görə də bir qədər diqqətli olmaq lazımdır. Hər bir məhsul öz mövsümündə istehsal və istehlak olunmalıdır”.
Əzizə Zeynal
Sfera.az