Azərbaycanda ilansancma halları ARTIB - SƏBƏB

Azərbaycanda ilansancma halları ARTIB - SƏBƏB

Son günlər ilan sancmaları ilə bağlı faktların sayında artım müşahidə olunur. Havaların isinməsi, əhalinin istirahət üçün yaşıllıq və meşəlik ərazilərə üz tutması belə halların çoxalmasına səbəb olur.


Sfera.az-ın məlumatına görə, bununla bağlı  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, ilan sancması zamanı insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər:


“İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələri sürtmək qətiyyən olmaz. Əlavə müdaxilələr edildikdə həmin hissə yaraya çevrilə bilər ki, onun da sağalması uzun müddət tələb edir. İlan sancması halı baş verərsə, mütləq ilan dişləyən hissə hərəkətsiz vəziyyətə gətirilməlidir. Buz tapmaq mümkündürsə, həmin hissəyə buz qoyulmalıdır və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Xəsarət almış şəxsə ilkin tibbi yardım göstərildikdən sonra yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Xəstəxanada isə həkim nəzarəti ilə müəyyən prosedurlar həyata keçirilməlidir”.


Mütəxəssis ilan sancması zamanı müşahidə olunan ilkin əlamətlərdən də söz açıb:


“İlan dişlədikdən sonra ilk olaraq ağrı hiss edilir, daha sonra qızartı və şiş əmələ gəlir. Vaxt keçdikcə əmələ gələn şiş yuxarı ətraflara doğru artmağa başlayır. Təcrübədə müşahidə edilir ki, ilan aşağı ətrafdan dişləyərkən şiş insanın boynuna qədər qalxır. Yaranan şiş isə bədənin bütün funksiyalarını poza və xoşagəlməz halların yaşanmasına gətirib çıxara bilər. Bu səbəbdən də ilan sancması zamanı ilkin yardımı düzgün etmək, sonra isə təcili olaraq xəstəni xəstəxanaya aparmaq lazımdır”.


Qeyd edək ki, son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib. Onlardan 7-nin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR