Yaddaş problemləri yaşayırsınızsa, həkimə müraciət edin! – Beyniniz kiçilmiş ola bilər
Sfera.az bildirir ki, unutqanlıqla bağlı şikayətlərin artması stress, depressiya və kifayət qədər yuxu almama ilə əlaqələndirilir.
Türkiyənin tanınmış həkimlərindən olan Halit Yerebakan "Sabah” qəzetinə verdiyi açıqlamada qeyd edib ki, bu cür hallarla tez-tez rastlaşdıqda hökmən həkimə müraciət etmək lazımdır.
Həkim vurğulayıb ki, etdiyiniz və ya edəcəyiniz bəzi işləri unutmağa başlayırsınızsa, təlaşa düşməyin. "Əgər çox aktiv iş həyatınız varsa, gün ərzində birdən çox işlə məşğul olursunuzsa, unutqanlıq əlamətlərinin olması normaldır”, - deyən Yerebakan unutqanlığın daimi olacağı halda problem yaradacağını söyləyib:
"Stressli bir həyatınız varsa və daim narahat olursunuzsa, bədəninizdə kortizol səviyyəsi yüksəlir. Bədəni formada saxlayan bu stress hormonu beynin yaddaşla əlaqəli digər hissələrinə, eləcə də beyinə də eyni təsir göstərir. Əgər narahatlığınız yüksəkdirsə, diqqətinizi heç bir şeyə cəmləyə bilmirsiniz və diqqətinizi cəmləyə bilmədiyiniz üçün yaddaş pozğunluğunuz olduğunu hiss edirsiniz.
Depressiya yaddaş problemlərinin başqa bir səbəbidir. Əslində, mütəxəssislər depressiyanın yaddaş itkisinin səbəbi və ya simptomu olduğuna əmin deyillər. Lakin araşdırmalar depressiya ilə yaddaş problemləri də daxil olmaqla idrak pozğunluqları arasında əlaqə olduğunu göstərir”.
Yerebakan yetəri qədər yuxu almamağın da yaddaşa ciddi təsir etdiyini düşünür. Onun sözlərinə görə, kifayət qədər və keyfiyyətli yuxu alınmasa, yaddaş problemləri yaranır. Həkim deyir ki, dərin yuxu zamanı beyində yığılan zəhərli maddələr təmizlənir və sinirlər daha yaxşı işləyir.
Yerebakan düzgün istifadə edilməyən dərmanların və müntəzəm spirtli içki qəbulunun da yaddaş pozğunluğu yaratdığını söylədi:
"Əgər müntəzəm olaraq istifadə etdiyiniz dərmanlarınız varsa, onlar da yaddaşınıza təsir edə bilər. Siz həkiminizlə danışa və yaddaş problemlərinə səbəb olan aktiv maddələr olan dərmanları dəyişdirməsini xahiş edə bilərsiniz.
Alkoqol və buna bənzər maddələrdən istifadə mərkəzi sinir sistemini ləngitməklə yaddaşa təsir edir. Spirtli içkilərə aludə olan insanlarda beyin kiçilməsi baş verir”.
Vasif
Sfera.az






