Həkim-infeksionist: “Buster” doza xəstəni kəskin ağırlaşmalardan qoruyur
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə COVID-19 virusu əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə danışarkən deyib.
Həkim-infeksionist bildirib ki, COVID-19 infeksiyasının risk qrupuna tibb işçiləri və ümumən kütləvi ictimai məkanlarda işləyənlər, yaşı 65-dən yuxarı olanlar, xroniki və ciddi yanaşı xəstəliklərdən əziyyət çəkənlər aiddir: "Yaşının az olmasına baxmayaraq, yanaşı xəstəlikləri olan vətəndaşlar da "buster" doza ilə peyvəndlənə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, "buster" doza vurdurmaq üçün mütəxəssis müayinəsindən keçmək lazımdır. Özümüzü və ətrafımızı qorumaq üçün vaksinasiyada aktiv iştirak etmək vacib şərtdir. Yalnız əhali arasında kütləvi immunitet formalaşdığı halda epidemioloji vəziyyət düzələ bilər".
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 92 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 350, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 614 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 589 min 459 nəfər təşkil edir.






