Mütəxəssisdən valideynlərə XƏBƏRDARLIQ: “Həkimsiz müalicə...”
"Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər”.
Sfera.az bildirir ki, bunu ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyeva deyib. Onun sözlərinə görə, təbii qidalanan uşaqların mövsümi virusları tutma ehtimalı və xəstələndiyi halda ağırlaşmaların olması riski çox aşağıdır:
"Böyük yaşlı uşaqlar vitaminlərlə zəngin qidalar qəbul etməlidir. Bununla belə, tropik meyvələrin ifrat dərəcədə qəbul edilməsi doğru deyil. Xüsusilə bu meyvələrə qarşı allergik reaksiyası olan uşaqlar tərəfindən. Soyuq aylarda hər hansı bir insanın mövsümi virusa yoluxma ehtimalı onun xəstə ilə təmasda olması ilə yanaşı, həm də soyuqlaması faktoru ilə bağlıdır. Bunun üçün valideynlər övladlarının geyiminə xüsusi diqqət etməlidirlər.
Uşaqlar xəstələndiyi təqdirdə, mütləq izolə olunmalı, vaxtında həkimə müraciət edilməli, həkim göstərişi olmadan valideynlər heç bir dərman preparatından istifadə etməməlidir. Yəni özünümüalicə - həkimsiz antibiotiklər verilməsi faydasız və hətta ziyanlı ola bilər”.
Həkim valideynlərin diqqət etməli olduğu digər məsələlərdən də söz açıb:
"Valideynlər evdə ümumi gigiyenik qaydalara əməl etməli, tənəffüs yolu infeksiyası simptomları olan bütün şəxslərin tənəffüs və əl gigiyenasına, öskürək etiketinə riayət olunmalıdır”.
Günay Rəsulqızı
Sfera.az






