Ayaqda suluq yaranmaması üçün bunları edin

Ayaqda suluq yaranmaması üçün bunları edin

Ayaqda suluq bədəndəki kiçik ölçülü toxuma zədələnmələri ilə bağlı olaraq epidermis (üst dəri) ilə dermis (alt dəri) arasında su toplanması nəticəsində meydana gəlir. Əsasən ayaq dabanında, topuqda və barmaqlarda yaranır.

Ayaqda suluq nədən yaranır?

Sfera.az bildirir ki, aile.lent.az-ın məlumatına görə, bu problemin ən başlıca səbəbi ayaq formasına uyğun ayaqqabı geyinilməməsidir. Ayaq və ayaqqabı arasındakı sürtünmə nəticəsində yaranan istiliklə ayaqda su toplanır. Digər səbəb ayağın hava almadan həmişə ayaqqabının içində qalmasıdır. Bu da ayağın tərləyib nəmlənərək yumşalmasına səbəb olur. Ayaqqabının su keçirməsi də səbəblər arasında yer alır. Ümumi olaraq sürtünmə, kir, istilik, nəm kimi səbəblərdən dolayı suluq yaranır.

Qıcıqlanma, sürtünmə ilə bağlı yaşanan suluq bir neçə gün içində öz-özünə sağalıb gedir.

Bu problemin də bəzi təbii müalicə üsulları var.

Əgər içinə su yığılmış şişkinlik bir neçə millimetrdirsə, öz-özünə sağalıb gedəcək. Əgər ölçüsü 5 millimetrə çatıbsa, şişi steril şəkildə partladıb ayaqda toplanan suyu çıxarmaq lazımdır. Bu halda ağrı da azalacaq. Bunu steril iynə ilə edin. Sonra həmin hissəyə tərkibində "baticon" olan antiseptik dərman sürtün.

Antiseptik nəmləndirici ayaq kremi də vurun ki, yara tez sağalsın. Həmin ayağın hava ilə təması kəsilməməlidir.

Əgər qabarcıq öz-özünə partlayıbsa, yuxarıda qeyd etdiyimiz kimi, həmin hissəyə "baticon" tərkibli antiseptik maz sürtün. Daha sonra nəmləndirici krem vurun.  Ancaq həmin hissə tez-tez ilıq su ilə yuyulub üzərinə antibiotik krem vurulmalıdır.

Deşilən hissələr çox soyulmamalıdır, dəri özünü bərpa edəcək.

Əgər suluq bir neçə günə sağalıb getmirsə, əksinə, qaşınma verirsə, səbəbləri dəri göbələyi, ekzema, bəzi bakterial problemlər ola bilər. Belə hallarda mütləq həkimə gedin.

Ayaqda suluğun olmaması və qabarcığın göbələyə dönməməsi üçün nə etmək lazımdır?

- Ayaqlar bədənin bütün yükünü daşıyan, çox aktiv orqanlardır. Onların sağlamlığına diqqət etmək üçün əvvəlcə uyğun ayaqqabı seçin. Ayaqqabının astarının hava almasına diqqət edin.

- Ayaqlar ayaqqabının içində çox hərəkət etməməlidir. Ayaqqabının içində nə çox sıxılmalı, nə də çox boş olmalıdır.

- Ayaqqabı ilə birlikdə corab seçiminə də diqqət edin. Ayaqlar çox tərləyirsə, pambıq corablar seçin.

- Ayaqların çox isti və ya nəmlə təması əngəllənməlidir.

- Gün ərzində çox ayaq üstə qalmayın.

- İdman zamanı ayaq tərləməsini əngəlləyən corab geyinin.

- Ayaq dərisi çox nazikdirsə, cüt corab geyinin.

- Ayaqlar hər gün yuyulmalıdır.

- İdmançılar aldıqları zədələrdən dolayı ayaqlarında daha çox suluq ola bilər. Ona görə idmançılar ayaq sağlığına daha çox diqqət etməlidirlər.

- Ayaqlar quru və sərin tutulmalıdır.

- Eyni ayaqqabı hər gün ard-arda geyinilməməlidir.

- Hər gün dikdaban ayaqqabı geyinmək olmaz.

- Yayda açıq ayaqqabı və tərliklər geyinin.

- Duşdan sonra ayaqları yaxşı nəmləndirmək lazımdır.

- Ayaqları tez-tez masaj edib nəmləndirin.

- Uzun gəzintilər zamanı ayağın barmaqları arasına pambıq qoyun, ya da ayağınıza bütünlüklə uşaq pudrası sürtün.

- Aloe vera E vitamin tərkibli olduğu üçün ayaqlara faydalıdır və təbii nəmləndirici sayılır.  Ayaqlar üçün tərkibində aloe vera olan nəmləndirici krem də istifadə edə bilərsiniz.

- Yaşıl çay ağrı və şişkinlikləri yüngülləşdirir. Şişmiş, narahatlıq verən ayaqlara isti suda dəmlənmiş yaşıl çay paketləri qoyun.


OXŞAR XƏBƏRLƏR