Rusiya Ayda kiçik atom elektrik stansiyası yarada bilər
Rusiya Ayda kiçik atom elektrik stansiyası (AES) yaratmaq imkanına malikdir.
Sfera.az xəbər verir ki, bunu “Geoenergetika İnfo” analitik jurnalının baş redaktoru Boris Martinskeviç “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın “Rosatom” dövlət korporasiyası bu vəzifənin öhdəsindən gələ bilər. Çünki SSRİ-nin Orta Maşınqayırma Nazirliyi kosmosda istifadə olunan nüvə enerji qurğularının yaradılması sahəsində böyük təcrübəyə malik olub.
Ekspert qeyd edib ki, həmin təcrübə və texniki imkanlar bu gün də mövcuddur.
Onun fikrincə, lazımi izotopun əldə edilməsi, yanacaq keramikasının hazırlanması və tələb olunan xüsusiyyətlərə malik enerji mənbəyinin yığılması “Mayak” İstehsalat Birliyi və Ümumrusiya Eksperimental Fizika Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilə bilər.
Xatırladaq ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçov daha əvvəl Rusiyanın 2030-cu illərin ortalarına qədər Ayda ilk atom elektrik stansiyasını yaratmalı olduğunu bildirmişdi.
Oktyabrda rusiyalı kosmonavt İvan Vaqner isə Rusiyanın Aya ilk pilotlu uçuşlarının 2040-cı illərdən sonra həyata keçirilə biləcəyini istisna etməyib.
İnci
Sfera.az






