İranla bağlı xoşagəlməz məlumat yayıldı
İranın İsraillə müharibə zamanı zərər çəkmiş ailələrə yardım göstərilməsi məqsədilə “Hizbullah”a 200 milyon dollar məbləğində vəsait köçürdüyü bildirilir.
Sfera.az xəbər verir ki, “Reuters”in məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, vəsait ötən ay ABŞ-ın Tehrana təzyiqini artırdığı və İranın Livandakı müttəfiqinə maliyyə köçürmələrində çətinliklərlə üzləşdiyi bir vaxtda göndərilib.
Məlumata görə, köçürməni həyata keçirən vasitəçilər 20 faiz komissiya alıblar. Bu məbləğ adi xidmət haqqından təxminən dörd dəfə yüksəkdir.
“Hizbullah”ın vəsaiti İsraillə müharibə zamanı zərər çəkmiş təxminən 50 min ailəyə yönəltməyi planlaşdırdığı bildirilir. Hər ailəyə ilkin olaraq təxminən 3 min dollar ödənilməsi nəzərdə tutulur.
Təşkilatın nümayəndəsi müəyyən məbləğdə vəsaitin daxil olduğunu təsdiqləyib və yaxın günlərdə ödənişlərin bölüşdürülməsi ilə bağlı planın açıqlanacağını bildirib. Lakin o, pulun mənbəyini açıqlamayıb./globalinfo






