İran Şimal-Cənub dəhlizinin reallaşmasını ləngidir - Politoloq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəallaşdırılmasına maneə yaradan səbəblər gündəmdədir. Rusiya, İran və Azərbaycan da bu layihəni dəstəklədiyini bildirir, lakin reallaşdırmaq mümkün olmur.
Politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlamasında bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasına İranın üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməməsi mane olur.
Rusiya və Azərbaycan layihəni dəstəkləyir, İran da dəhlizin əhəmiyyətini vurğulayır. Lakin Rəşt-Astara dəmir yolunun tikintisinin başlamaması layihənin tam gücü ilə fəaliyyət göstərməsini ləngidir.

Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisinin uzun illərdir başlamamasının əsas səbəblərindən biri İranda torpaq sahələrinin alınması prosesinin ləng getməsidir:
“Bu layihə ona görə ləngiyir ki, İran üzərinə düşənləri etmir. Uzun illərdir Rəşt-Astara dəmir yolunun tikintisi başlamayıb. Torpaq sahələri alınmalıdır, bu ləng gedir. Hətta Rusiya Prezidenti Vladimir Putin də Valdayda buna işarə etdi ki, Azərbaycanla bu sahədə əməkdaşlıq üst səviyyədədir, problem yoxdur. Problem İranla əlaqəlidir. Torpaq sahələri alınmayıb, tikinti başlamayıb”.
E.Şahinoğlu qeyd edib ki, layihənin maliyyələşdirilməsini Rusiya öz üzərinə götürüb və əsas problem maliyyə məsələsi ilə bağlı deyil:
“Yəni sırf İranın ləngiməsi Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə mane olur. Halbuki bu dəhliz birinci növbədə İrana və Rusiyaya lazımdır. Azərbaycan da bu layihəyə əhəmiyyət verir ki, nəqliyyat xətti Azərbaycandan keçsin”.
Politoloqun fikrincə, Rusiya və İranın layihəyə xüsusi maraq göstərməsinin əsas səbəblərindən biri hər iki ölkənin beynəlxalq sanksiyalar altında olması və dünya bazarlarına çıxış yolları axtarmasıdır.
İradə Elsevər






