İranda qadın könüllülərə silahlı hərbi təlim keçirilir

İranın paytaxtı Tehranda “Janfada” kampaniyası çərçivəsində qadın könüllülərə əsas hərbi hazırlıq və silahdan istifadə üzrə təlimlər keçirilməyə başlanılıb.
Sfera.az xəbər verir ki, İran dövlət televiziyasında yayımlanan görüntülərdə qadın könüllülərin nəzəri və praktiki dərslərdə iştirak etdiyi, hərbçilərin nəzarəti altında silahdan istifadə etdiyi görülüb. Bildirilib ki, iştirakçılar fövqəladə vəziyyətlərə hazır olmaq və ölkənin müdafiəsinə töhfə vermək məqsədilə proqrama qoşulublar.
Təlim iştirakçılarından biri ölkəsinə qarşı məsuliyyət hiss etdiyini, digər könüllü isə xalqın müdafiəsinə töhfə vermək istədiyini bildirib.
İranlı rəsmilər “Janfada” kampaniyasına 31 milyondan çox şəxsin qeydiyyatdan keçdiyini açıqlayıb. Lakin bu rəqəm müstəqil şəkildə təsdiqlənməyib. Kampaniyada qeydiyyatdan keçənlərin hamısının hərbi fəaliyyətə cəlb olunmadığı, bir qisminin xilasetmə, sosial xidmət və digər sahələrdə fəaliyyət göstərmək istədiyi bildirilir.
İran mediasının məlumatına görə, kampaniya çərçivəsində 1000 milli müqavimət taburunun yaradılması planlaşdırılır. Tehranda sentyabr ayında fəaliyyətə başlayan təlim mərkəzində könüllülərə atış, silahdan istifadə, axtarış-xilasetmə və fövqəladə vəziyyətlərə hazırlıq üzrə təlimlər keçirilir.
Mənsumə






