Ermənistanda Rusiya klanına ağır zərbə: İttihamlar çox ağırdır

Ermənistanda Rusiya klanına ağır zərbə: İttihamlar çox ağırdır
Kateqoriya məlum deyil
T

Ermənistan Antikorrupsiya Komitəsinin apardığı istintaq çərçivəsində son günlər bir çox tanınmış şəxs həbs edilib və ya dindirilib. Dünən Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan da saxlanılıb. Antikorrupsiya Komitəsinin məlumatına görə, saxlanılanlar arasında Köçəryanın böyük oğlu Sedrak Köçəryan da var. Onlar rüşvət, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı günahlandırılırlar.

Ermənistanda, bəzi analitiklərin şərhlərinə görə, baş verənlər sadəcə hüquqi hadisə deyil. Onların iddiasına əsasən, həbslərdə siyasi motivlər də var.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib.

O, Ermənistanda önümüzdəki günlərdə də həbslərin və istintaqa cəlb ediləcək şəxslərin olacağını bildirib:

“Daha 14 nəfərin Sedrak Köçəryan və Robert Köçəryan işi ilə əlaqələndirilərək həbs edilməsi, heç şübhəsiz ki, hüquqi prosedurdur. Yəni ittihamlar ağırdır. Burada korrupsiya var, çirkli pulların yuyulması var, dövlət əmlakının mənimsənilməsi var, şəxsi nüfuzdan istifadə edərək qeyri-qanuni maliyyə əldə etmək ittihamları var və s. Bunların hamısı hüquqi kontekstdə doğrudur. Amma həbslərin bu qədər uzanması, əlbəttə ki, bu günə qədər bu cinayətkarların cəzalandırılmaması bir qədər diqqətçəkəndir. Ona görə də bu həbslərin həm də siyasi olduğunu düşünənlər var”.

Deputat Ermənistanda Rusiya klanının zəiflədilməsi istiqamətində addımların atıldığını qeyd edib:

“Biz bilirik ki, Sarkisyan-Köçəryan cütlüyü Ermənistanda Qarabağ klanının simvollarıdır. 1998–2018-ci illərdə Ermənistana çox böyük ziyan vurublar və onların cəzalandırılması da, şübhəsiz ki, gözlənilən bir hadisə idi. Xüsusən 2021-ci il 20 iyun seçkilərindən sonra bunun baş verəcəyi gözlənilən idi. Çünki Paşinyan seçki təbliğatı prosesində əslində bu gün baş verənləri Qarabağ klanına vəd etmişdi ki, siz qanun qarşısında cavab verəcəksiniz. Amma məsələ bir qədər də fərqli izahat tələb edir. Çünki bu, həm də Köçəryan və Sarkisyanın timsalında Ermənistanda olan Rusiya klanının zəiflədilməsidir. Qarşımızda Ermənistanın yeni siyasi arxitekturası formalaşdırılır, yeni siyasi aktorlar müəyyənləşir və Ermənistan özünün yeni gələcəyinə hazırlaşır. Paşinyanın dediyi doğrudursa, yeni gələcək qonşularla xoş münasibət əsasında, inteqrasiya əsasında qurulacaq. Bu aspektdən də məsələ mühümdür və doğru qiymətləndirilməlidir. Amma bu həbslərin sonu Köçəryan və Sarkisyanın Azərbaycana verilməsi ilə nəticələnəcəksə, mənə elə gəlir ki, burada həm hüquq, həm də ədalət öz yerini tapmış olacaq. Çünki hər iki terrorçu və cinayətkar Azərbaycanda, o cümlədən Qarabağda saysız-hesabsız cinayətlər törədiblər, terrorçuluqla və separatçılıqla məşğul olublar. Və biz ümid edirik ki, başladılan bu hüquqi proses və prosedurlar sonda Köçəryan və Sarkisyanın Azərbaycan ədalətinə təslim edilməsi ilə başa çatacaqdır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR