Türkiyə Qara dənizdə gəmiçilik qaydalarını sərtləşdirdi

Türkiyə Qara dənizdə ticarət donanmasına qarşı pilotsuz uçuş aparatları ilə hücumların artması fonunda kommersiya gəmilərinin Dardanel boğazından keçidinə məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Sfera.az bildirir ki, məlumata görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi Novorossiysk limanına üzən bir neçə gəmiyə keçid icazəsinin verilmədiyini və ya müraciətlərin nəzərdən keçirilməsinin əlavə vaxt tələb etdiyini bildirib. Bəzi hallarda Ukrayna istiqamətində hərəkət edən gəmilər də məhdudiyyətlərlə üzləşib.
Türkiyə hakimiyyəti qərarın səbəblərini rəsmi şəkildə açıqlamayıb. Lakin mənbələr bunu Qara dənizdə dəniz dronlarından artan təhlükə ilə əlaqələndirirlər.
Məhdudiyyətlərin sərtləşdirilməsinə səbəb kimi bu həftə Türkiyəyə məxsus MV Güllük quru yük gəmisinə hücum göstərilir. Türkiyədən Rusiyaya tərəvəz və meyvə daşıyan gəmi Novorossiysk sahillərində 6-7 pilotsuz aparatın hücumuna məruz qalıb, nəticədə ekipajın 4 üzvü xəsarət alıb.
Hazırda məhdudiyyətlərin nə qədər davam edəcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Yeni qaydaların Qara dəniz üzərindən beynəlxalq ticarətə əlavə çətinliklər yarada biləcəyi bildirilir.
İnci
Sfera.az






