İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqladı

ABŞ ilə İran arasında beş aydır davam edən qarşıdurma fonunda Hürmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səylər davam edir. Omanın vasitəçiliyi ilə hazırlanan müvəqqəti idarəetmə planı müzakirə olunsa da İran boğaz üzərində nəzarət hüququnun tanınmadığı heç bir təklifi qəbul etməyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, yüksək rütbəli iranlı mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, müzakirə edilən plana əsasən, Hürmüz boğazından çıxacaq gəmilər barədə məlumat Oman tərəfindən İrana təqdim olunacaq çıxış icazəsi isə Oman tərəfindən veriləcək. Bununla yanaşı, boğaza daxil olan bütün gəmilər üzərində nəzarət səlahiyyətinin Tehranda qalması nəzərdə tutulur. Bu da İrana dəniz nəqliyyatını izləmək və zərurət yarandıqda müdaxilə etmək imkanı verəcək.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında İranla danışıqların davam etdiyini iddia edib. O bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin dəstəyi ilə aparılan bu proses İran üçün “yaxşı saziş imzalamaq baxımından son şansdır”. Tramp, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Hürmüz boğazında tam nəzarətə malik olduğunu irəli sürərək Tehrana sərt mesaj göndərib.
Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Vaşinqtonla hər hansı siyasi danışıqların aparıldığını qəti şəkildə təkzib edib. Onun sözlərinə görə, hazırda yalnız Omanla Hürmüz boğazının idarə olunmasına dair texniki müzakirələr keçirilir və ABŞ ilə planlaşdırılmış heç bir görüş yoxdur.
Məlumata görə, Oman İrana Körfəz ölkələrinin dəstəklədiyi yeni idarəetmə modeli təqdim edib. Lakin Tehran boğaz üzərində inzibati səlahiyyətlərinin qorunmasını və gəmilərdən xidmət haqqı toplamaq hüququnun tanınmasını tələb edir. Vaşinqton isə Hürmüz boğazının beynəlxalq su yolu statusunda qalmasını müdafiə edir və hər hansı ödəniş mexanizminə qarşı çıxır.
Analitiklər hesab edirlər ki, İran hərbi qələbədən daha çox qarşıdurmanı mərhələli şəkildə davam etdirməklə ABŞ və müttəfiqlərinə təzyiq göstərməyə çalışır. Onların fikrincə, Hürmüz boğazı ətrafında yaranan gərginlik yaxın günlərdə qlobal enerji bazarına və neft tədarükünə də təsir göstərə bilər.
Mənsumə






