Şoyqu Quttereşi günahkar çıxardı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BMT-nin baş katibi Antoniu Quterreşi Qara dəniz taxıl təşəbbüsünün icrasını pozmaqda ittiham edib.
Sfera.az bildirir ki, Şoyqu bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüş zamanı danışıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib, lakin razılaşmanın üçüncü tərəfi olan BMT öz üzərinə götürdüyü vəzifələri icra edə bilməyib.
“Yalnız üçüncü iştirakçı — BMT və cənab Antoniu Quterreş üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi”, – deyə Şoyqu bildirib.
Xatırladaq ki, 22 iyul 2022-ci ildə İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Qara dəniz taxıl sazişi imzalanmışdı. Razılaşma çərçivəsində Ukraynanın üç limanından — Çornomorsk, Odessa və Yujnıdan taxıl ixracı üçün təhlükəsiz dəhliz yaradılması nəzərdə tutulurdu. Eyni zamanda Rusiya ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılırdı.
Saziş 2022-ci ilin noyabrında 120 gün müddətinə uzadılıb, daha sonra iki dəfə əlavə iki ay müddətinə yenilənib. Razılaşmanın müddəti 17 iyul 2023-cü ildə başa çatıb və bundan sonra Rusiya Xarici İşlər Nazirliyi “taxıl sazişi”nin dayandırıldığını elan edib.
Əzizə
Sfera.az
