“Şaban”ın oğlu Bakıda – FOTOLAR

Ötən gün Cinema Plusda "Haraket sekiz” filminin qala gecəsi baş tutub.
Sfera.az xəbər verir ki, qala gecəsində filmin baş qəhrəmanları türkiyəli aktyorlar Ali Sunal, Hande Hatipoğlu, Onur Atilla və eləcə də azərbaycanlı aktyorlar Pərvin Abıyeva, İslam Mehrəliyev, Elcan Rəsulov və başqaları iştirak edib. Yaradıcı heyət qırmızı xalçadan keçərək jurnalistlərin suallarını cavablayıb.
Ali Sunal filmi haqqında təəssüratlarını bölüşüb: "Çəkilişlər şahanə keçdi. İnsanlar səmimidir, Bakıda heç ögeylik hiss etmədik. Əsas hadisələr 3 bacarıqsız polisin ətrafında cərəyan edir. Bu film rus mafiyasının izinə düşən bir qrup polisin başına gələn gülməli olaylardan və onların dünyanı xilas etmə cəhdlərindən danışır. Məncə, tamaşaçını əyləndirən bir komediya olacaq. Filmdə hadisələrin bir hissəsi Azərbaycanda baş tutur. Burda da çox sevildiyimizi bilirik. Sosial şəbəkələrdə azərbaycanlı izləyicilərdən davamlı olaraq mesajlar gəlirdi, Bakıya dəvət edirdilər. "Haraket sekiz” bizə belə şans təqdim etdi. Filmdə azərbaycanlı həmkarlarım da rol alıb, onlarla çox rahat çalışdıq, sanki illərdir tanışıq. Mədəniyyətlərin bir-birinə yaxın olması çəkilişlərdə bizim üçün faydalı oldu.
Bu yaxınlarda ata olan Ali Sunal qızı haqqında da duyğularını dilə gətirib: "Qızım olduqdan sonra həyatımda hər şey dəyişdi. Əvvəllər özümün, ailəmin və həyat yoldaşımın məsuliyyətini daşıyırdım. İndi bütün fikrim-zikrim qızımdadır. Həyatda yaşaya biləcəyiniz ən gözəl duyğudur, heç gözünüzü qorxutmasın”.
Filmdə polis rəisini canlandıran Elcan Rəsulov isə söyləyib ki, əvvəlcə başqa obraz üçün ona müraciət olunub: "Mən əvvəlcə filmdə müxbir obrazını canlandırmalı idim. Lakin sonradan rejissor fikrini dəyişib, polis rəisi rolunu mənə həvalə etdi”.
Qeyd edək ki, müxbir obrazını daha sonra Kəmalə Piriyeva canlandırıb. Lakin o, "Maşın” şouda olduğundan qala gecəsinə qatıla bilməyib. (Musavat.com)