Diplom "başağrısı" bitir

Diplom "başağrısı" bitir

Azərbaycan Təhsil Nazirliyi dövlət nümunəli təhsil sənədlərinin yoxlanılmasını asanlaşdıran yeni baza hazırlayır.

Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Verdiyev Trend-ə bildirib ki, bu bazada 1991-ci ildən bu günə qədər verilən diplomlar və digər təhsil sənədləri barədə məlumatlar öz əksini tapacaq. Artıq bu siyahılar təhsil müəssisələrindən alınıb, bazanın bu mərhələsi üzrə texniki işlər görülür. Bazaya respublikada fəaliyyət göstərən, hətta bağlanmış müəssisələrin arxiv məlumatları da (1991-ci ildən bu günə qədər) daxil edilib.

R.Verdiyev əlavə edib ki, bazanın yaradılmasında əsas məqsəd təhsil müəssisələrinə dövlət nümunəli sənədlərin vaxtında verilməsini təmin etməkdir. Hazırda bazanın bununla əlaqədar olan hissəsi mükəmməl işləyir. Nazirlik rəsmisi bazanın hazırda sırf təhsil müəssisələrinin, təhsil sisteminin tələbatına cavab verən səviyyədə fəaliyyət göstərdiyini də söyləyib.

Sektor müdirinin sözlərinə görə, bazanın yaradılmasında digər məqsəd təhsil sənədlərinin həqiqiliyinin onlayn qaydada yoxlanılmasıdır: "Məqsəd odur ki, diplomlarının həqiqiliyini yoxlatdırmaq istəyən şəxslər heç bir çətinlik çəkməsinlər. İstənilən maraqlı şəxs həmin bazadan yararlanmaqla konkret hər hansı təhsil sənədi barədə lazımı bilgi ala, onun həqiqliyini yoxlaya bilsin".

R.Verdiyev deyib ki, yaxın vaxtlarda bazanın yaradılması işi tam başa çatdırılacaq: "Payızda, uzağı, ilin sonuna kimi onun tam şəkildə cəmiyyətin istifadəsinə verilməsi nəzərdə tutulur".

Nazirlik səlahiyyətlisi əlavə edib ki, bu baza bütün insanlar - idarə, müəssisələr, fiziki və hüquqi şəxslər - bir sözlə, maraqlı şəxslərin hamısı üçün açıq olacaq: "Baza istifadəyə verildikdən sonra idarələrin, müəssisələrin, təşkilatların, fiziki və hüquqi şəxslərin təhsil sənədləri ilə bağlı Təhsil Nazirliyinə və digər təhsil müəssisələrinə müraciət ünvanlamasına ehtiyac qalmayacaq. İstifadəyə veriləndən dərhal sonra da cəmiyyətin hər bir üzvü ondan istifadə edə biləcək. Baza istifadəyə verildikdən sonra artıq konkret maraqlı şəxs həmin bazaya müraciət edəcək, diplomla və digər təhsil sənədi ilə bağlı istədiyi məlumatı həmin bazadan tapacaq. Yəni ki, artıq hansısa diplomun dövlət nümunəli olub-olmamasını, həqiqiliyini yoxlamaq, yaxud məzun haqqında müəyyən məlumatları əldə etmək istəyənlər üçün həmin bazada bütün bu məlumatların hamısı öz əksini tapacaq. Hesab edirəm ki, bu, həm təhsil sistemimiz, həm də bütövlükdə cəmiyyət üçün çox böyük miqyaslı və əhəmiyyətli işdir".

R.Verdiyev əlavə edib ki, cari ilin məzunlarının adları hələ məzun olmamışdan əvvəl həmin bazaya daxil edilir. Hazırda təhsil müəssisələrində bu il məzun olacaq tələbələrlə bağlı məlumatların elektron bazaya daxil edilməsi prosesi həyata keçirilir.

Nazirlik rəsmisi qeyd edib ki, artıq bir çox təhsil müəssisələri həmin bazaya lazımi məlumatları daxil edərək və diplomların alınması üçün tələb olunan sənədləri təqdim edərək diplomlarla təmin olunublar.

Onun sözlərinə görə, artıq bu baza tam şəkildə işə düşəndən sonra təhsil müəssisələri il ərzində cari ilin məzunları barədə məlumatları bazaya daxil edəcəklər: "İmtahanlardan dərhal sonra isə müvəffəqiyyətlə imtahan vermiş məzunlar və onların sənədləri barədə məlumatlar bazaya daxil ediləcək, imtahandan keçməyənlərin adları isə bazadan çıxarılacaq. Artıq vaxt itkisi olmayacaq. İmtahanlardan sonra məlumatları daxil edən təhsil müəssisələri qısa müddət ərzində bizdən təhsil sənədlərinin blanklarını alacaq. Diplomların verilməsi ilə bağlı tərəfimizdən heç bir ləngidilmə olmayacaq".


OXŞAR XƏBƏRLƏR