Problemli kreditlərin həlli fonunda onu vaxtında ödəyənlərə də güzəşt olmalıdır, əks təqdirdə…

10:15 / 27.02.2019
3423
"Problemli kreditlər məsələsinin həllinin müsbət məqamları ilə yanaşı, neqativ tərəfləri də yox deyil”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda problemli kreditlərin həll edilməsinə doğru ilkin hərəkətlərin atılması fonunda onun baş verməsinin ölkə iqtisadiyyatı və bank sektoru üçün hansı müsbət və mənfi tərəflərinin ola biləcəyinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirdi ki, problemli kreditlərlə bağlı məsələnin həll edilməsi fonunda burada neqativ amili yaradanlar qismində həmin ana qədər aldığı kreditləri vaxtlı-vaxtında ödəyən müştərilər çıxış edə bilərlər:
"Belə ki, bu günə qədər kreditləri vaxtlı-vaxtında ödəyən vətəndaçlarımız da var. Onların da sayı kifayət qədərdir. Problemli krediti olan vətəndaşların sayı 700 minə yaxındırsa, ümumi kreditləri olan əhalinin sayı isə 2,3 milyon nəfərə qədərdir. Belə çıxır ki, kredit alanların 1,6 milyon nəfəri zamanında öz kreditlərini ödəyib və yaxud da vaxtında ödəməkdə davam edir.
Bu mənada problemli kreditlərin həlli fonunda həmin kateqoriyadan olan kredit alanlara hər hansı bir güzəşt olmasa, bu zaman onlarda da xəyal qırıqlığı yaranacaq. Belədə həmin sözə baxan vətəndaşlarımız da presedentdən istifadə edərək gələcəkdə götürdükləri kreditləri gecikdirə və hətta qaytarmamaqla bağlı qərar verə bilərlər. Bu minvalla ki, onsuz da nə vaxtsa dövlət yenə də bağışlayacaq. Belə bir hal yaransa, o zaman bir müddətdən sonra bank sektoruna böyük ziyanlar gətirə bilər və problemli kreditləri həcmi bir müddətdən sonra kəskin arta bilər”.
Müsbət məqamlara gəldikdə isə, ekspert bildirdi ki, məsələnin həlli iqtisadiyyat və bank sektorunda müəyyən canlamaya rəvac verəcək:
"Təbii ki, problemli kreditlərin həllilə iki devalvasiyadan sonra təkcə həmin problemlə üzləşən əhalinin maraqları təmin olunmayacaq. Bu müstəvidə həm də banklar qazanacaq. Çünki problemli kreditlərin həllilə daha çox banklara yardı olunması gözlənilir. Bu günə qədər yaranmış vəziyyətlə əlaqədar olaraq əhalinin banklara ödəmədiyi problemli kreditlərin həcmi təxminən 1,8 milyard manata yaxındır. Bu qədər vəsaitin bütünlüklə banklara köçürülməsi baş versə, həmin halda sözügedən maliyyə mənbələri əlavə vəsaitlər əldə edəcəklər. Hansı ki, əlavə vəsaitlərin əldə edilməsi kreditləşmənin də sürətlənməsinə gətirib çıxaracaq. Yəni həmin situasiyada banklar əvvəlki dövrə nisbətən daha çox kredit verməyə başlayacaqlar ki, bu da öz növbəsində iqtisadiyyatın canlanmasına, əhalinin kreditlərə yönəlməsinin asanlaşmasına səbəb ola bilər. Yaranmış vəziyyət də öz növbəsində iqtisadiyyatın çarxlarının dönməsinə, kreditlər vasitəsilə iqtisadiyyatımıza daha çox vəsaitlərin daxil olmasına gətirib çıxaracaq”.
ELÇİN