Meşədən meyvə dərmək qadağan olundu – Qanun əksini deyir

Meşədən meyvə dərmək qadağan olundu – Qanun əksini deyir
Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarları ictimaiyyətdə birmənalı qarşılanmayıb. Dünəndən müzakirə mövzusuna çevrilən qərarın ölkə qanunvericiliyinə uyğun olmadığı deyilir.

Mövzunu şərh edən hüquqşünas Ələsgər Əhmədoğlu Nazirlər Kabinetinin yenidən əl gəzdirdiyi qərarın 1993-cü ilin dekabrında qəbul edildiyini və həmin vaxt bugünkü Konstitusiyanın mövcud olmadığını diqqətə çatdırıb.

Hüquqşünas vurğulayıb ki, 1995-ci ildən etibarən istənilən NK qərarı Konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz:

"Məsələnin mahiyyəti belədir:

1. Konstitusiyanın 71-ci maddəsinin 9-cü bəndində deyilir ki, "IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.

Yəni qısacası, meşədə fərdlərin öz istifadəsi üçün meyvə toplamasını Qanun qadağan etməlidir. NK qərar qəbul edərkən "olmaz”, "qadağandır”, "cəriməsi var” deyirsə, açıq şəkildə hansısa Qanunun adına və müvafiq maddəsinə istinad etməlidir.

Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi də məhz NK kimi qərarlar qəbul edənlərə xatırlatma edir:

"X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər”.

Yəni orada yazılmayıbsa ki, bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır, o zaman qadağa və cərimə qoyula bilməz”.

Hüquqşünas 30 dekabr 1997-ci ildə qəbul edilən Meşə Məcəlləsinin 53-cü maddəsini diqqətə çatdırıb:

"Orada deyilir ki, fiziki şəxslərin meşələrdə olması Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.

Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Deməli, Məcəllə Qırmızı kitaba düşənləri, narkotik tərkibli bitkiləri, bitkilərin və ağacların zədələnməsini qadağan edir.

Qoruq meşələrində, milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə müəyyən məhdudlaşdırma və qadağa da mümkündür”.

Hüquqşünas bildirib ki, NK-nın sözügedən qərarı Konstitusiyaya və Meşə Məcəlləsinə tamamilə ziddir:

"Meşə meyvələrinin, yarpaqlarının toplanması birbaşa meşəyə dəyən zərər hesab edilir və hər hansı fərdi istifadə üçün fiziki şəxslərin meşədən istifadəsini istisna kimi göstərmir. Xüsusi qoruqlardan, parklardan yox, bütün meşə təsərrüfatından bəhs edir. Bu, çox sərt addımdır və qanuna tamamilə ziddir”.Axar

OXŞAR XƏBƏRLƏR