Putini niyə “çar və peyğəmbər” adlandırırlar?

Putini niyə “çar və peyğəmbər” adlandırırlar?
 Dina Xapayeva

"Project Syndicate”, 24.01.2019


Ötən ilin sonunda Rusiya prezidenti Vladimir Putin Rusiyanın "yenilməz” yeni hipersonik nüvə qabiliyyətli "Avanqard” raketlərinin sınaqdan keçirildiyini bildirib. O, bunu ölkəsi üçün "ən yaxşı Yeni il hədiyyəsi” adlandırıb.

Putinin getdikcə tez-tez gündəmə gələn Qiyamət Günü ritorikasını nəzərə alaraq, dünya nüvə qarşıdurmasına hazırlaşmalıdırmı?

Son bir ildə Putin, istənilən Qərb lideri ilə müqayisədə, daha çox "nüvə apokalipsisi” haqqında danışıb, bununla da NATO və ABŞ-ın təhlükədə olduğuna dair bəzi fərziyyələrə yol açıb. Lakin Putin Rusiyanın nüvə silahından intiqam məqsədi ilə istifadəsinin bütün günahını Qərbin boynuna qoyub.

Məsələn, ötən ilin martında Federal Məclisə müraciətində Putin "son 15 ildə silahlanma yarışını sürətləndirməyə çalışan və Rusiyaya qarşı birtərəfli üstünlük əldə etməyi istəyənlər”in "qeyri-qanuni” sanksiyalar tətbiq etdiyini iddia edib. Onun sözlərinə görə, bu, silahlı qüvvələr də daxil olmaqla, Rusiyanın inkişafını "məhdudlaşdırmaq” naminə icra olunub. O kəslər, Putinin bəyan etdiyinə görə, "Yer kürəsi deyilən qayığı yırğalamağı dayandırmalıdır”.

Rusiyaya və ya müttəfiqlərinə qarşı hər hansı bir nüvə hücumunun "bütün zəruri nəticələrinə” "dərhal” cavab veriləcəyini vurğulayan Putinin ardınca yeni nüvə silahlarına dair altı video göstərildikdən sonra təhlükənin miqyası aşkarlanıb. Daha sonra o, mövqeyini təkrarlayıb. Nüvə müharibəsinə – "bütün dünya üçün fəlakət”ə – dair deyib: "Rusiya vətəndaşı və Rusiya dövlətinin rəhbəri olaraq özümdən soruşmalıyam: Rusiyasız dünya kimə lazımdır?”

Ötən ilin oktyabrında, Valday Müzakirə Klubunda Putinin ifadələri daha dramatik olub. "Rusiya qurban ola bilər” və "təcavüzkar intiqamın qaçılmaz olduğunu bilməli”dir. Nüvə müharibəsi "dünya fəlakəti” olsa belə, ən azından ruslar "məzlum kimi göylərə ucalacaq”, "cənnətə gedəcəklər”, təcavüzkarların isə heç birinin "tövbə etməyə vaxtı olmayacaq”, "onlar yalnız qarğa kimi qırıldayacaqlar”.

Putinin apokaliptik ritorikası onun tərəfdarları arasında rezonans yaradır. Məsələn, Putini Məsihə bənzətmiş ultra-milliyyətçi yazıçı Aleksandr Proxanov deyir ki, "nüvə müharibəsi ehtimalı” "dünya hökmdarlarının zehinlərini qıcıqlandırır”, Valday Müzakirə Klubunun bir çox iştirakçıları "evə qayıtdıqdan sonra” Vəhy kitabı və Əhdi-Cədidin son bölümünü oxumalıdır.

Vəhy kitabından Rusiyada son onillikdə nüfuzlu şəxslər tez-tez apokaliptik sitatlar gətirir. Əslində, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də vəhy üslublu bəsirətlər açıqlayır. 2017-ci ildə, o, "Tarixdə baş verəcək dəhşətli məqamın yaxınlaşmasını görməmək üçün kor olmaq lazımdır”, – deyə Qiyamət Gününün tezləşdiyinə inandığını təkrarlayıb.

Həqiqətən, Apokalipsis – İlahi təqdirdir. Buna görə də, bir çoxları "tarixin dəhşətli anı”nı sakitcə qəbul edilməlidirlər. Amma Rus Pravoslav Kilsəsinin köhnə sözçüsü Vsevolod Çaplin "toplumu hidayət üçünt” "kütlələrin məhv edilməsinə” də Tanrının izn verdiyini deyir.

Hökumət səlahiyyətliləri, jurnalistlər və ziyalılar da Apokalipsisdən danışırlar. Məsələn, Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin dünyanın sonunun artıq yetişdiyini iddia edib.

Dmitri Kiselev, "Kremlin səsi” Rusiyanın ABŞ-ı "radioaktiv kül qədər” azaltmağa qadir olduğunu deyib.

Qərbin diqqətini özünə çəkə bilibsə, Rusiyadakı apokaliptik ritorika Putinin, bir növ, Məsih kimi səciyyələndirilməsinin nəticəsidir. Proxanov bu təsvirin güclənməsinə görə çox xoşbəxtdir. Onun 2007-ci ildə nəşr edilən "Vladimirin Apokalipsisi” romanında televiziya jurnalisti Vladimir Solovyov Putini "çar və peyğəmbər” adlandırır. İddia edir ki, o, Rusiyanı Qiyamət Gününə hazırlayır.

Kitabın birinci şəxsdən olan təhkiyəçisi – Həvari (Apostol) Vladimir minlərlə "günahkarı”, bütün Krasnoyarsk şəhərini darmadağın edərək, insanları diri-diri yandırır. Həvari Vladimir deyir ki, "günahkarların” tövbə etməyə belə vaxtı olmayıb, onlar qarğa kimi qırıldayıblar. Solovyov üçün "sonuncu və çoxdan gözlənilən parlaq günə” hazırlıq Rusiyadan irsi keçən "antidemokratik monarxiya”, "Putinlə birlikdə çarlıq” tələb edir.

Bu baxış digər sıravi pravoslav ruhaniləri və möminlərin rəyi ilə üst-üstə düşür. Bir təriqətin ardıcılları Putinin həvari Pavelin – erkən xristian missionerinin reinkarnasiyası (tənasüxü) olduğuna inanırlar. Özünü "Fotina Ana” adlandıran təriqətin qurucusu əmindir ki, "Tanrı İsa Məsihin gəlişinə hazırlıq üçün Putini Rusiyaya canişin təyin edib”, çünki "onun içində çar ruhu var”.

Avrasiya hərəkatının lideri və Kremlin baş ideoloqlarından biri olan Aleksandr Dugin Putini "qloballaşma, postliberalizm və postsənaye cəmiyyəti”nə sinə gərən pravoslav lideri adlandırır. Lakin Apokalipsisin qarşısını almaq istəməyən Dugin, Avrasiya hərəkatının bu məsələdə ona kömək etməsini istəyir. Rusiyada radio proqramların birinə qatılaraq, o, deyib ki, "müasir dünya, orta əsrlər kimi, Qiyamət Gününün intizarındadır ", çünki "Apokalipsis olmadan dünya inancdan kənardır”.

Son aylarda Putinə Rusiyaya olan etimad dəstəyi kəskin şəkildə azalıb, ötən ilin ikinci yarısında 76%-dən 66%-ə düşüb. Eyni zamanda, avtoritar monarxiyanın bərpasına və pravoslav kilsəsinin üstünlüyünə yönəldilmiş, bir növ, neoorta əsr düşüncəsi Rusiyada məşhurlaşır.

Putinin od və qılıncla yoğrulan ifadələri, əslində, dünya problemlərinə "praktiki həll” kimi bu fundamentalistlərin zehniyyətini əks etdirə bilər.

Tərcümə: Strateq.az

OXŞAR XƏBƏRLƏR