AZAL səfərbərliyə görə bilet satışını dayandırıb? - Açıqlama
Sosial şəbəkələrdə AZAL-ın biletlərin satışını dayandırması ilə bağlı xəbərlər yayılıb. Məlumatlarda bildirilir ki, satışın dayandırılması ölkədə elan olunacaq səfərbərliklə əlaqəlidir və bununla səfərbərlikdən yayınmaq istəyənlərin ölkədən çıxışının qarşısını almaq istəyirlər.
Məsələni dəqiqləşdirmək üçün “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə əlaqə saxladıq.Qurumun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski AzNews.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi:
“Biletlər həmişə olduğu kimi qaydasında satılır. Satışda hər hansı problem yoxdur. Ümumiyyətlə, hər şey qaydasındadır”.
Qeyd edək ki, dünən gecə ölkədə səfərbərlik elan edilməsi ilə bağlı xəbərlər yayılmışdı. Bildirilirdi ki, ölkəmizdə səfərbərlik elan olunub, amma bu, əhali arasında təşviş yaratmamaq üçün açıqlanmır. Səfərbərliklə bağlı olaraq, dünən gecə Bakının bir çox yerlərində gənclərin saxlanılaraq komissarlıqlara aparıldığı və bunun da gərginliyə səbəb olduğu, aparılanların bir qismindən isə pul alınaraq buraxıldığı da yayılan məlumatlar sırasındadır.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə məsələ ilə bağlı açıqlama verərək, yayılan məlumatların əsassız olduğunu bildirib. Qurumdan bildirilib ki, ehtiyatda olan hərbi qulluqçuların və hərbi vəzifəlilərin orduya cəlb olunması yalnız Müdafiə Nazirliyinin həyata keçirdiyi təlimlərlə bağlıdır.Onu da bildirək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi planı əsasında sentyabrın 6-da start götürən və müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədar olaraq başlanan təlimlər sentaybrın 13-dək davam edəcək. Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6 min nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək.