İqtisadçı-ekspertlər 2016-cı ilin büdcə proqnozlarını şərh ediblər. İqtisadçı ekspert Qubad İbadoğlu «facebook» səhifəsində yazır ki, 2016-cı ilin büdcəsi 5 il bundan əvvəlki 2011-ci il səviyyəsində qərarlaşıb: «Çünki hökumət gələn il üçün dövlət büdcəsinin gəlirlərini bu illə müqayisədə 4.87 milyard manat və ya 25.1 faiz az proqnozlaşdırdı. Gözləntilərimiz özünü doğrultdu. Əslində onu proqnozlaşdırmaq elə çətin də deyildi. İllərdir ki, şişirdilmiş xərcləri nə zamansa ixtisar etməli idik. Amma bunu heç də hökumətdə rasionallığın artmasından deyil, sadəcə neft gəlirlərinin azalmasından doğan məcburiyyət kimi dəyərləndirmək olar. Dövlət büdcəsinin əsas donoru olan Dövlət Neft Fondundan büdcəyə transfertlərinin bu ildən başlayan azalma tendensiyasının gələn ildə də davam etməsi artıq yeni iqtisadi situasiya yaradıb. Bundan sonra büdcənin yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Amma buna baxmayaraq, gələn il bu illə müqayisədə hər 3 başlıca mənbədən azalma proqnozlaşdırılıb. Xüsusilə də növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17.6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmadığının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. Bu səbəbdən də gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyəti zərərlə əvəz olunacağı gözlənəndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxilolmaları da azaldacaq. İnvestisiya büdcəsinin kəskin ixtisarı bu sahədəki mənfi tendensiyaları daha da gücləndirəcək. Ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olmasını şərtləndirəcək. Artımla proqnozlaşdırılan mənbələrdən biri də sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir».
23 FAİZ AZ
Xərclərə gəlincə, Qubad İbadoğlu deyir ki, növbəti ildə onun həcmi bu illə müqayisədə 4.836 milyard manat və ya 22.9 faiz az proqnozlaşdırılıb. Beləliklə növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpiyi tikintiyə, 14 manatı dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpiyi sosial müdafiəyə və təminata, 11 manat 30 qəpiyi müdafiəyə, 10 manat 50 qəpiyi təhsilə, 7 manat 60 qəpiyi dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manatı məhkəmə hakimiyyəti, hüquq müdafiə və prokurorluğa, 4 manat 60 qəpiyi səhiyyəyə, 4 manatı mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpiyi kənd təsərrüfatına və balıqçılığa, 81 qəpiyi elmə, 1 qəpiyi ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək. Gələn il proqnozlar özünü doğruldacağı halda büdcədə 1.7 milyard manat da kəsir yaranacaq. Büdcənin ümumi mənzərəsi belədir. Amma bu, proqnoz göstəricilərinin təqdimatıdır. Son zamanlar proqnozlar da özlərini doğrultmur. Bu il ötən il proqnozlaşdırdığımız büdcə ilə gözlənilən icra arasında 2.5 milyard manat fərq yaranır. Gələn ilin büdcənin də faktiki icrası proqnozlaşdırıldığından az ola bilər».
ƏSAS İKİ MADDƏ İXTİSAR EDİLİB
İqtisadçı-ekspert Rövşən Ağayev də «facebook» səhifəsində qeyd edir ki, əsas ixtisar iki maddədə edilib: «İnvestisiya xərcləri 3.3 milyard manat az nəzərdə tutulur. 2015 üçün 6.9 milyard təsdiqlənmişdi. «Əsas bölmələrə aid edilməyən xidmətlər» adlı bir xərc bölməsi üzrə xərclər 1.8 milyard manat azaldılıb və 896 milyon manat proqnoz edilib. 2015 üçün 2.696 milyard manat təsdiqlənmişdi. Səhiyyə xərcləri 32.8 milyon manat, sosial müdafiə xərcləri 144 milyon manat azaldılıb. Təhsil xərclərinə demək olar toxunulmayıb. Ən maraqlısı odur ki, mədəniyyət və idman xərcləri təxminən 2 dəfə artırılıb - 348 milyon manatdan 652 milyon manata çatdırılıb. Yəqin ki, bu, beynəlxalq idman yarışlarının təşkili ilə bağlıdır».
Rövşən Ağayev bildirir ki, Neft Fondunun 2015-ci il dövlət büdcəsinə köçürmələri ilə bağlı öhdəliyi ən azı 25% ixtisarla yerinə yetiriləcək: «Açıqlanan məlumatlardan aydın olur ki, bu il 10.3 milyard nəzərdə tutulsa da, Fonddan dövlət büdcəsinə 8.1 milyard manat transfert ediləcəyi qərara alınıb.
2016-cı ildə fonddan büdcəyə 6 milyard transfert proqnoz edilir. Bu həcmdə köçürmə sonuncu dəfə 2010-cu ildə olub. 2011-2014-də isə fonddan büdcəyə köçürmələrin həcmi 9-11.3 milyard manat intervalında dəyişib».
YERLİ GƏLİR VƏ XƏRCLƏR DƏ AZALACAQ
2016-cı il dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766.3 milyon manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 68.2 milyon manat (8.2 faiz) azdır. Hökumət rayon və şəhərlərin vergi potensialını artırmağı planlaşdırır. 2016-cı ildə mərkəzləşdirilmiş gəlirlərə ödənilən vergi və digər ödənişlərin tam məbləğdə rayon, şəhərlərin yerli gəlirlərinə daxil edilməsi nəzərdə tutulur.
DOTASİYALAR AZALACAQ
2016-cı ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 50.3 faiz olacaq ki, bu da əvvəlki illə müqayisədə 44.5 milyon manat (5.4 faiz) azdır. 2016-cı ildə Sumqayıt, Mingəçevir və Şırvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına ödəyəcəklər.
YERLİ XƏRCLƏR 6.8 FAİZ AZALIB
Yerli xərclər 1541.3 milyon manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 112.7 milyon manat (6.8 faiz) azdır. Yerli xərclərin 936.8 milyon manatı (60.8 faizi) təhsilə, 213.7 milyon manatı (13.9 faizi) səhiyyəyə, 181.4 milyon manatı (11.8 faizi) mənzil və kommunal təsərrüfata, 74.4 milyon manatı (4.8 faizi) isə mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsinə yönələcək.